Azərbaycan səfirinə Rusiya XİN-in təşəkkürnaməsi təqdim edilib
Moskva, 27 dekabr, AZƏRTAC
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna RF XİN-in Təşəkkürnaməsi təqdim edilib.
AZƏRTAC xəbər verir ki, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında Moskvada akkreditə olunmuş xarici ölkələrin səfirləri ilə görüş keçirilib. RF XİN-in Dövlət Protokolu Departamentinin direktorunun müavini Georgi Kuznetsov görüşdə Azərbaycanın səfiri, Moskvadakı diplomatik korpusun duayeni Polad Bülbüloğluna Təşəkkürnamə təqdim edib.
G.Kuznetsov çıxışında qeyd edib ki, ənənəyə görə, Yeni il bayramlarında hədiyyələr bağışlanır. Konservatoriyada təşkil edilən bu tədbir də Rusiya Xarici İşlər Nazirliyinin diplomatik korpusa özünəməxsus hədiyyəsidir. O deyib: “Burada elə bir insan var ki, ona xüsusi hədiyyə təqdim etmək istərdik. Onsuz tədbirlərimizin böyük hissəsi baş tuta bilməzdi, yaxud tamamilə başqa ab-havada keçirilərdi. Mən Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğluna Təşəkkürnamə təqdim etməyə müvəkkil olunmuşam”.
Təşəkkürnamədə vurğulanır ki, başa çatan il Moskvada akkreditə olunmuş diplomatik missiyaların başçılarının Rusiyanın siyasi təsisatları, eləcə də mədəniyyət ocaqları ilə fəal tanışlığı atmosferində keçib. Məktubda deyilir: “Diplomatik korpusun üzvlərinin bu mühüm təşəbbüsə cəlb edilməsində əhəmiyyətli rol şəxsən sizə, habelə sizin başçılıq etdiyiniz Azərbaycan Respublikası səfirliyinin kollektivinə məxsusdur. Paytaxtın diplomatik korpusunun həyatında daim parlaq hadisələrə çevrilən mədəni tədbirlərin təşkilində və hazırlanmasında RF XİN-in Dövlət Protokolu Departamentinə göstərilən hərtərəfli dəstəyə görə təşəkkür edirik. 2020-ci ildə sizə, səfirliyin bütün əməkdaşlarına möhkəm cansağlığı, firavanlıq və daha böyük peşə uğurları arzu edirik”.
Fəaliyyətinə verilən yüksək qiymətə görə həmkarlarına təşəkkür edən Polad Bülbüloğlu Moskva Konservatoriyasının onun həyatında xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. O deyib: “Burada mənim atam çıxış edib. O, opera müğənnisi idi. Mənə də bu gözəl səhnədə oxumaq xoşbəxtliyi nəsib olub”. Səfir Moskva Konservatoriyasının səhnəsində böyük musiqiçilərin çıxış etdiklərini, mötəbər müsabiqələrin keçirildiyini vurğulayaraq söyləyib: “1958-ci ildə SSRİ ilə ABŞ arasında soyuq müharibənin ən qızğın çağında gənc amerikalı pianoçu Van Klibern P.İ.Çaykovski adına Beynəlxalq müsabiqənin Qran-pri mükafatına layiq görüldü və bütün dünyada məşhurlaşdı. Musiqi daim siyasətdən ucadır”.
Görüşdə xarici ölkələrin Rusiyadakı səfirləri və səfirliklərinin nümayəndələri, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının rektoru Aleksandr Sokolov və başqaları iştirak ediblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva