Azərbaycan Sənaye Korporasiyası Azərbaycan Texniki Universiteti ilə əməkdaşlıq edəcək
Bakı, 30 aprel, AZƏRTAC
"Azərbaycan Sənaye Korporasiyası" ASC ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
ASC-dən AZƏRTAC-a bildirilib ki, sənədi universitetin rektoru vəzifəsini icra edən Xalıq Yahudov və korporasiyanın baş direktoru Kamran Nəbizadə imzalayıblar. Sənəd gənc, istedadlı kadrların yetişdirilməsi və korporasiyaya daxil olan müəssisələrdə işlə təmin olunması, tələbələr arasında biznes ideyalarının formalaşdırılması, innovativ təşəbbüslərin reallaşdırılması, iqtisadiyyatın müxtəlif sahələrində araşdırmaların aparılması, tələbələr arasında könüllülük fəaliyyətinin təşviq edilməsi və müştərək layihələrin icra edilməsi istiqamətində əməkdaşlığa xidmət edir.
Korporasiyanın baş direktoru K.Nəbizadə bildirib ki, ASC-nin qarşısında duran əsas məqsədlərdən biri müəssisələrdə işin düzgün təşkili, rentabelliyi yüksəltmək, istehsalı genişləndirmək, müəssisələr arasında əməkdaşlığı gücləndirməkdir: “İxtisaslı və peşəkar kadrlar bu məqsədlərin əldə edilməsində böyük rol oynayır. Kadr potensialına daha çox alüminium, şüşə istehsalı sahəsində ehtiyac var və hazırda bu sahələrin inkişaf proqramı hazırlanır. İnkişaf proqramı yerinə yetirildikdən sonra həmin sahələr üzrə 500-600 nəfər ixtisaslaşmış mütəxəssisə tələbat yaranacaq”.
O vurğulayıb ki, korporasiyanın yaxın gələcəkdə olan planlarına gənc nəslin innovativ ideyalarının reallaşdırılması üçün İnnovativ Strartap mərkəzinin yaradılması kimi addımlar da daxildir.
Universitetin rektor əvəzi X.Yahudov qeyd edib ki, tələbələrin praktiki vərdişlərinin yaranmasında memorandumun əhəmiyyəti böyükdür və imzalanan sənəd istehsalatın elmə doğru addım atması baxımından böyük önəm kəsb edir: “Hazırda universitetdə təhsil alan tələbələr nəzəri biliklərdən əlavə, həm də təcrübə qazanmaq, aid olduqları sahə üzrə peşəkar, yüksəkixtisaslı kadr kimi yetişməkdə əzmkardırlar və Texniki Universitet ilə korporasiya arasında təməli qoyulan bu əməkdaşlıq, məhz həmin gənclərin gələcək inkişafında vacib mərhələ sayıla bilər”.