ELM VƏ TƏHSİL
“AZƏRBAYCAN TARİXİ”NİN V CİLDİ ÇAPDAN ÇIXMIŞDIR
AMEA-nın “Elm” Redaksiya- Nəşriyyat və Poliqrafiya Mərkəzi yeddi cildlik “Azərbaycan tarixi”nin V cildini çapdan buraxmışdır.
Respublika Prezidenti Heydər Əliyevin “Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır”. Bu sözləri ilə açılan cilddə XX yüzilliyin mühüm hadisələrlə, sosial-iqtisadi, ictimai-siyasi, mədəni proseslərlə zəngin ilk iki onilliyi - 1900-cü ildən 1920-ci il aprelin 28-dək olan dövr əhatəli şəkildə işıqlandırılmışdır.
Xalqımızın həyatının bütün sahələrini əhatə edən köklü dəyişikliklərin baş verdiyi həmin illərdə kapitalist istehsal münasibətlərinin iqtisadiyyatda aparıcı mövqeyi, maarifçilik özülünə dayaqlanan milli özünüdərkin və ictimai şüurun milli dövlətçiliyimizin bərqərar edilməsi ilə nəticələnən böyük bir inkişaf mərhələsi keçməsi, ədəbiyyat və mədəniyyətin hərtərəfli yüksəlişi kimi mühüm hadisələr xüsusilə qabarıq verilmişdir.
Milli azadlıq hərəkatı nətiçəsində Azərbaycan Xalq Cümhuriyyətinin qurulması prosesindən, Şərqdə bu ilk demokratik dövlətin müxtəlif sahələrdəki fəaliyyətindən geniş bəhs edən cilddə Cümhuriyyətin süqutuna səbəb olan amillər göstərilməklə yanaşı, milli dövlət quruculuğunda onun mühüm tarixi- siyasi əhəmiyyəti də vurğulanmışdır.
Bu dövrün mühüm hadisələrini sistemli şəkildə təqdim etmək üçün çildin müəllifləri XX əsr tarixşünaslığının nailiyyətlərini, həmçinin ilk mənbələri diqqətlə nəzərdən keçirmiş, Rusiyanın, Gürcüstanın, Azərbaycanın mötəbər dövlət arxivlərində saxlanan sənədlərdən, vaxtilə nəşr olunmuş mənbələrdən, o dövrün çoxsaylı mətbuat materiallarından geniş istifadə etmişlər.
Giriş, X1 fəsil və nəticədən ibarət olan bu cildin sonunda rus dilində xülasə, xronoloji cədvəl, mənbələr, biblioqrafiya və çoxlu fotoşəkil də verilmişdir.