AZƏRBAYCAN TƏHLÜKƏSİZLİK ORQANLARININ 87 İLLİYİNƏ HƏSR OLUNMUŞ GÖRÜŞ KEÇİRİLMİŞDİR
Tədbirin iştirakçıları əvvəlcə 1 saylı uşaq evinə gələrək valideyn himayəsindən mərhum olan uşaqlarla görüşüb onlara Novruz sovqatı çatdırdılar, ümummilli lider Heydər Əliyevin bu təhsil-tərbiyə ocağının qarşısında ucaldılmış büstü önünə tər qərənfillər düzdülər, müstəqil dövlətimizin qurucusunun xatirəsinə hörmət və ehtiramlarını bildirdilər, Bakı Texniki Kollecində xüsusi xidmət orqanlarının yaradılması günü münasibətilə təşkil olunmuş fotosərgiyə baxdılar.
Kollecin iclas salonunda keçirilən toplantıda əvvəlcə Azərbaycanın dövlət himni səsləndi. Dahi şəxsiyyət, suveren dövlətimizin memarı, uzun illər Azərbaycanın dövlət təhlükəsizliyi orqanına rəhbərlik etmiş ulu öndər Heydər Əliyevin nurlu xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Nazirliyin Nizami rayon şöbəsinin rəisi Natiq Abuzərli və nazirliyin əməkdaşı Polad Novruzovun məruzələri dinlənildi. 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin Baş Qərargahı nəzdində kəşfiyyat və əks-kəşfiyyat bölməsinin yaradılması ilə təməli qoyulan təhlükəsizlik orqanlarının keçdiyi inkişaf yolundan ətraflı danışan natiqlər xüsusi vurğuladılar ki, bu qurumun fəaliyyəti 1956-65-ci illərdə ümummilli liderimiz Heydər Əliyevin Dövlət Təhlükəsizliyi Komitəsində əvvəlcə əks-kəşfiyyata, 1967-ci ildən isə Komitəyə rəhbərliyi dövründə keyfiyyətcə yeni mərhələyə qədəm qoydu, burada çalışan milli kadrların sayı qısa müddətdə 20 faizdən 60-80 faizədək artdı, DTK-da kök salmış, xalqımızın milli varlığına, layiqli yetirmələrinə qənim kəsilmiş erməni millətçilərinin əsrin əvvəlindən başlanmış bədnam fəaliyyətinə son qoyuldu.
Dahi rəhbərin xalqımızın təkidli tələbi ilə ikinci dəfə respublikamızın siyasi rəhbərliyinə qayıdışından sonrakı dövrdə dövlətçiliyimizin bərqərar olması, milli demokratik dövlət quruculuğu uğrunda apardığı çətin, gərgin, şərəfli mübarizəsində də vaxtilə onun bu sistemdə yaratdığı məktəbin milli ruhlu yetirmələri böyük öndərin sədaqətli yardımçıları olduğu, onların fədakarlığı diqqətə çatdırıldı. Dövlətimizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə nazirliyin onlarca əməkdaşının igidliklə vuruşduğu, onlardan 6 nəfərin Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyü, son vaxtlar beynəlxalq terror təşkilatları ilə əlaqəsi sübuta yetirilmiş cinayətkar dəstələrin zərərsizləşdirildiyi, bir sıra terror-təxribat cəhdinin qarşısının alındığı qeyd edildi.
Qürur hissi ilə bildirildi ki, nazirlik işçilərinin peşə bayramı günü də məhz ulu öndərimizin Fərmanı ilə artıq 9-cu ildir ki, qeyd edilir. Ümummilli liderimizin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin şəxsi diqqət və qayğısı ilə təhlükəsizlik orqanlarının öz fəaliyyətində hazırda keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu xüsusi vurğulandı. Qeyd olundu ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə general-leytenant Eldar Mahmudovun nazir təyin edilməsindən sonra bu qurumun cəmiyyətdə nüfuzu xeyli artmış, qısa müddətdə müasir tələblərə uyğun müsbət dəyişikliklər baş vermişdir. Uzun müddətdən bəri vətəndaşlarımızın haqlı narahatlığına səbəb olmuş qətllər, adam oğurluğu cinayətləri törətmiş banda üzvlərinin məhz Milli Təhlükəsizlik Nazirliyinin xüsusi əməliyyat-axtarış və istintaq qrupu tərəfindən aşkar edilib tutulması cəmiyyətdə MTN-in nüfuzunun, peşəkarlığının, Prezidentə, Ali baş komandana, Vətənə, dövlətə sədaqətinin əyani sübutuna çevrilmişdir. Nazirliyin strukturunda, kadrlarla işdə, maddi-texniki bazanın möhkəmlənməsində, müasir tələblərə cavab verən rabitə və informasiya texnologiyaları ilə təminat sahəsində görülən tədbirlərin əhəmiyyəti diqqətə çatdırıldı, son vaxtlar MTN-in öz fəaliyyətində aşkarlığa, xalqla ünsiyyətə xüsusi önəm verdiyi təqdirəlayiq hal kimi qeyd olundu. Görülən bu tədbirlərin həm ictimaiyyət, həm də beynəlxalq təşkilatlar tərəfindən razılıqla qarşılandığı vurğulandı.
Görüşdə çıxış edən xüsusi xidmət orqanlarının veteranları, rayon ictimaiyyətinin nümayəndələri nazirlik əməkdaşlarının hər birinin MTN-in 87 illiyini alnıaçıq, üzüağ qarşılamağa, əldə edilmiş uğurlarla öyünməyə tam haqqı olduğunu bildirdilər, onları peşə bayramları münasibətilə təbrik edərək, şərəfli işlərində uğurlar arzuladılar. Bu görüşün respublikamızda nümunəvi, səmərəli fəaliyyəti ilə seçilən, özünəməxsus müsbət ənənələrə malik Nizami rayonunda 3 nəslin - veteranların, orta nəslin və gənclərin nümayəndələrinin birgə iştirakı ilə keçirilməsinin mənəvi-tərbiyəvi əhəmiyyəti də razılıq hissi ilə diqqətə çatdırıldı.
Xüsusi xidmət orqanlarının görüşdə iştirak edən bir qrup əməkdaşına qiymətli hədiyyələr təqdim olundu, xatirə şəkli çəkdirildi.