Azərbaycan Texniki Universitetində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır
Bakı, 17 yanvar (AZƏRTAC). Yanvarın 17-də Azərbaycan Texniki Universitetində (AzTU) 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə mərasim iştirakçıları Qanlı Yanvar hadisələri qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Tədbirdə AzTU-nun rektoru, professor Havar Məmmədov xalqımızın qəhrəmanlıq tarixinə çevrilmiş 20 Yanvar hadisələri haqqında ətraflı məlumat verərək bildirmişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyası rəhbərlərinin göstərişi ilə tərkibində milliyyətcə erməni zabitlərinin də olduğu xüsusi hərbi birləşmələr və zirehli texnika Bakı və Sumqayıt şəhərlərinə, habelə Azərbaycanın bir çox bölgələrinə yeridilmiş, dinc əhaliyə xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə divan tutulmuşdur. Torpaqlarımızın müdafiəsi naminə mübarizəyə qalxmış yüzlərlə silahsız insan, o cümlədən yaşlılar, qadınlar və uşaqlar qətlə yetirilmiş, yaralanmış və itkin düşmüşdür.
H.Məmmədov xüsusi vurğulamışdır ki, həmin dövrdə Azərbaycanda hakimiyyətdə olan qüvvələr bu faciə ilə bağlı qətiyyətli addım atmamış, həmin faciəyə siyasi-hüquqi qiymət ilk olaraq ümummilli liderimiz Heydər Əliyev tərəfindən verilmişdir. O vaxt məhz ulu öndərimiz Heydər Əliyev həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə getmiş, kəskin bəyanatla çıxış edərək, Bakıda törədilən qırğınların təşkilatçılarını cinayətkar adlandırmış, baş verənlərə siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını qətiyyətlə tələb etmişdir.
Görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışından sonra 20 Yanvar faciəsində şəhidlik zirvəsinə ucalmış mübarizlərin xatirəsinin daim əziz tutulduğunu, şəhidlərin ailə üzvlərinə və Qanlı Yanvar hadisəsində zərər çəkən şəxslərə müntəzəm qayğı göstərildiyini vurğulayan rektor bu diqqət və qayğının hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini, 20 Yanvar şəhidləri ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət göstərildiyini qeyd etmişdir.
Milli Məclisin deputatı, professor Musa Qasımlı 20 Yanvar faciəsinin əsl səbəblərindən, tarixi məqamlarından, dünya dövlətlərinin hadisəni necə qiymətləndirməsindən söhbət açmışdır.
Torpaqlarımızın 20 faizinin işğal altında olmasına, bir milyondan artıq qaçqın və məcburi köçkünlərimizin olmasına baxmayaraq bu gün Azərbaycanın misilsiz uğurlara nail olduğunu, beynəlxalq aləmdə layiqli yer tutduğunu bildirən M.Qasımlı tariximizin qanla yazılmış günlərini təkcə anmaqla kifayətlənməməli, keçdiyimiz yola baxıb ibrət götürməyin vacibliyini vurğulamışdır.
Universitetin “Azərbaycan dili və pedaqogika kafedrası”nın müdiri, dosent Həbib Mirzəyev çıxış edərək tariximizin ən şərəfli səhifələrindən biri olan Qanlı Yanvar hadisəsini milli azadlıq hərəkatımızın zirvəsi, xalqımızın azadlıq mücadiləsinin məntiqi davamı kimi qiymətləndirmiş, minlərlə şəhidimizin qanları bahasına qazanılmış müstəqilliyimizi qorumağın respublikamızın hər bir vətəndaşının mənəvi borcu olduğunu qeyd etmişdir.
Sonda universitetin tələbələri 20 Yanvara həsr edilmiş ədəbi-bədii kompozisiya göstərmişlər.