Azərbaycan Texnologiya Universitetində “Gənclərin beynəlxalq elmi jurnalların tələbləri istiqamətində maarifləndirilməsi” layihəsinin təqdimatı keçirilmişdir
Gəncə, 1 noyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycan Texnologiya Universitetində Gənclərin Elmi Araşdırmalarına Dəstək (GEAD) İctimai Birliyinin (İB) “Gənclərin beynəlxalq elmi jurnalların tələbləri istiqamətində maarifləndirilməsi” layihəsinin təqdimatı keçirilmişdir.
Tədbirdə Gənclərin Elmi Araşdırmalarına Dəstək İB-nin sədri Məmmədəli Babaşlı layihənin əhəmiyyətindən danışaraq qeyd etmişdir ki, əsas məqsəd gənc tədqiqatçıları elmi məqalələrin, beynəlxalq konfrans materiallarının və tezislərin müasir elmi-tədqiqat metodlarından istifadə edərək hazırlanması istiqamətində maarifləndirmək, onlara ixtisasları üzrə beynəlxalq elmi bazalardan və rəqəmsal kitabxanalardan istifadə imkanları haqqında məlumat verməkdir.
Sonra Bakı Dövlət Universiteti beynəlxalq informasiya mübadiləsi bölməsinin müdiri, Azərbaycan kitabxana informasiya konsorsiumunun respublika üzrə əlaqələndiricisi Cəmilə Yusifovanın “Elmi tədqiqat prosesində informasiya texnologiyalarından istifadə qaydaları”, Corc Vaşinqton Universitetinin iqtisadiyyat kafedrasının proqnozlaşdırma-araşdırma proqramının üzvü, AMEA-nın Kibernetika İnstitutunun sosial-iqtisadi modelləşdirmə şöbəsinin baş elmi işçisi Fəxri Həsənovun “Beynəlxalq indeksli elmi jurnallarda məqalələrin nəşrinə qoyulan tələblər” və AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun böyük elmi işçisi Anar Qafarovun “Elmi məqalə, məruzə və tezislərin müasir tədqiqat üsullarına uyğun olaraq hazırlanması” mövzusunda məruzələri dinlənilmişdir.
Tədbirdə iştirakçıların suallarına da aydınlıq gətirilmişdir.