Azərbaycan Turizm və Menecment Universitetində Anım Gününə həsr olunmuş tədbir təşkil edilib
Bakı, 25 sentyabr, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 27 Sentyabr - Anım Günü münasibətilə tədbir keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Bu barədə AZƏRTAC-a ATMU-dan məlumat verilib.
Tədbiri açan ATMU-nun tədris işləri üzrə prorektoru Zaur Bağırov 44 günlük Vətən müharibəsinin xalqımızın şanlı tarixinə qızıl hərflərlə yazıldığını vurğulayıb. O, böyük Zəfərin Müzəffər Ali Baş Komandanın rəhbərliyi və Azərbaycan Ordusunun rəşadəti sayəsində əldə edildiyini qeyd edib.
Sonra tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı “Şəhidlərimizin qəhrəmanlıq salnaməsi, zəfər tariximiz və tarixi zəmin” mövzusunda çıxış edib. Professor çıxışında İkinci Qarabağ müharibəsinə aparan tarixi-siyasi prosesləri, 30 illik işğal dövrünü və Azərbaycanın ədalətli mübarizəsini elmi-tarixi baxımdan təhlil edib. Məhərrəm Zülfüqarlı Azərbaycan əsgər və zabitlərinin göstərdikləri misilsiz qəhrəmanlıqdan, şəhidlərimizin qanı ilə yazılan Zəfər salnaməsindən danışaraq, tarixi Qələbənin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını bildirib. O, şəhidlərin əziz xatirəsini yaşatmağın və onların qəhrəmanlığını gələcək nəsillərə çatdırmağın hər bir azərbaycanlının mənəvi borcu olduğunu vurğulayıb.
Daha sonra ATMU məzunu, Vətən müharibəsi iştirakçısı Çingiz Pirizadə cəbhə xatirələrini, keçdiyi şərəfli döyüş yolunu və qazanılan Zəfərlə bağlı təəssüratlarını bölüşüb.
Tədbirdə ATMU məzunları, Vətən müharibəsi iştirakçıları Anar Mahmudov və Nicat Əlizadə də iştirak ediblər. ATMU-nun şəhid məzunu Məhəmmədli Həsənzadənin də əziz xatirəsi yad olunub və onun xatirəsinə həsr edilmiş videoçarx nümayiş etdirilib.