Azərbaycan–Türkiyə tandemi gözlənilən və ehtimal olunan təhlükələrin qarşısını alır- Politoloq
Bakı, 1 may, AZƏRTAC
Prezident İlham Əliyevin İstanbulda “TEKNOFEST” festivalında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bərabər iştirak etməsi bir daha Azərbaycan-Türkiyə qardaşlığının bütün dünyaya nümayişi idi. Festivalda dövlət başçılarının çıxışlarında xalqlarımız arasındakı birliyin və bağların daha da möhkəmlənməsinə yönəlik çox önəmli mesajlar verildi. Dövlətimizin başçısının Şuşa Bəyannaməsini xüsusi qeyd etməsi bəzi siyasi dairələrin nəzərinə çatdırdı ki, onlar son zamanlar regionda sülhün əleyhinə olmaqla yanaşı, proseslərin qarşısını öz maraqları çərçivəsində dəyişəcəklərinə boşuna ümid bəsləyirlər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Tural Əliyev söyləyib.
Politoloq qeyd edib ki, Azərbaycan və Türkiyə bölgədə sabitliyin, inkişafın və təhlükəsizliyin təminatçısı olmaqdan əlavə, gələcəkdə təhdidlərin yaranmasının qarşısını alacaq gücə malik dövlətlərdir. Türkiyə Türk dünyasının birləşməsi yolunda ciddi addımlar atır. Paralel olaraq, türk dövlətləri də enerji və hərbi potensialın geniş imkanlarından maksimum dərəcədə istifadə etməklə bir hədəfə doğru istiqamətlənirlər. Nəticədə isə görülən bütün işlər Türkiyənin Avrasiya məkanında vahid güc mərkəzinə çevrilməsinə təkan verir. Türk dünyasının önəminin artması Azərbaycan-Türkiyə siyasi əlaqələrinin möhkəmlənməsinin məntiqi nəticəsidir. Asiya ilə Avropa arasında strateji dəhlizlərin türk dövlətlərinin ərazisindən keçməsi onlar arasında əməkdaşlığın möhkəmlənməsini zəruri edir.

“Türkiyənin müdafiə sənayesinin sürətli inkişafının Azərbaycana müsbət təsirlərini görməmək mümkün deyil. Həmin texnoloji avadanlıqlar Azərbaycan Ordusunun arsenalında olmaqla bərabər, həmçinin müdafiə sənayemizin müxtəlif parametrlər üzrə şaxələndirilməsinə də mühüm töhfələr verib və bundan sonra da verəcək. Belə ki, Prezident İlham Əliyev yaxın gələcəkdə Azərbaycanda “Bayraktar” mərkəzinin açılacağını və burada təhsillə yanaşı, istehsalın da olacağı barədə müjdə verməsi, heç şübhəsiz, iki ölkə arasında birgə müdafiə sənayesinin də inkişafına gətirib çıxaracaq. Türkiyənin hərbi texnikasının hansı səviyyədə olması çağdaş dünyada hər kəs bələddir. Bu gün Türkiyənin elmi-hərbi ixtiralarının sayının artması və bunu yalnız öz gücü hesabına etməsi Azərbaycan xalqını da canı-könüldən sevindirir. Ən sevindirici hal isə milli kadrlar sayəsində elmi nailiyyətlərin əldə olunmasıdır ki, bu da cəmiyyəti və dövləti gücləndirir. Qardaş Türkiyənin hərbi-müdafiə sahəsinin qarşıya qoyulmuş məqsədlərə sürətlə çatması regionda təhlükəsizlik baxımından siyasi sabitliyin formalaşmasında çox böyük rol oynayır”, - deyə T.Əliyev vurğulayıb.
Diqqətə çatdırılıb ki, Azərbaycan-Türkiyə münasibətlərinin uğurlu model kimi təqdim olunmasının kökündə məhz bütün sahələrdə sıx əməkdaşlıq və real addımların müsbət göstəriciləri dayanır. Hazırda dünyada gedən mənfi proseslər təəssüf ki, yaşadığımız regiondan da yan keçmir. Bütün baş verənlərin fonunda Azərbaycan-Türkiyə tandemi gözlənilən və ehtimal edilən təhlükələrinin qarşısını alaraq, zərəri minimuma endirmək istiqamətində praktik həllər üzərində çalışır.
Dövlətimizin başçısının “TEKNOFEST”dəki nitqi zamanı Türkiyənin ən çətin zamanlarda Azərbaycanın yanında olması, eyni zamanda, ölkəmizin Türkiyənin təbiətin ağır sınaqları ilə üz-üzə qalarkən sərgilədiyi qardaşlıq mövqeyini bir daha vurğuladı. Səsləndirilən fikirlər təkcə dünənin, bu günün deyil, həmçinin gələcəyə baxış bucağında hədəflərin konturlarını müəyyənləşdirən strateji və sistemli yanaşmaları bir daha beynəlxalq ictimaiyyətə açıq şəkildə bəyan etdi.