Azərbaycan-Türkmənistan əlaqələrinin inkişafı məsələsi ilə bağlı fikir mübadiləsi aparılıb
Aşqabad, 11 iyun, AZƏRTAC
Azərbaycanın Türkmənistandakı səfiri Həsən Zeynalovun bu ölkənin Nazirlər Kabineti sədrinin müavini, Türkmənistan Prezidenti və Nazirlər Kabineti Aparatının rəhbəri Şamuhammet Durdılıyevlə görüşündə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafının müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.
Səfir ortaq etnik, dini, mədəni kökləri bölüşən Azərbaycan və türkmən xalqları arasında bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin olduğunu və bu istiqamətdə səylərini əsirgəməyəcəyini bildirib. O, Azərbaycanda gedən inkişaf prosesləri, iqtisadi və sosial sahələrdə həyata keçirilən islahatlar, ölkəmizin fəal iştirakı ilə regionda həyata keçirilən enerji və nəqliyyat layihələri barədə məlumat verib. Bu xüsusda, ölkəmizin beynəlxalq səviyyədə nüfuzunun son illərdə xeyli gücləndiyi diqqətə çatdırılıb.
Ş.Durdılıyev Türkmənistanın Azərbaycanla əlaqələrin inkişaf etdirilməsinə xüsusi diqqət yetirdiyini və mövcud əlaqələrin daha da genişləndirilməsi üçün əməkdaşlığa hazır olduqlarını vurğulayıb.
Görüşdə qeyd edilib ki, Azərbaycan və Türkmənistan prezidentlərinin səmimi münasibəti ikitərəfli əlaqələrin inkişafına gözəl zəmin yaradır. Son zamanlar iki ölkə arasında qarşılıqlı işgüzar səfərlərin sayının artdığı müşahidə olunur, yeni əməkdaşlıq təklifləri işlənib hazırlanır və onların həyata keçirilməsi məqsədilə əməli addımlar atılır. Hazırda iki ölkənin aidiyyəti qurumları arasında iqtisadi, humanitar, mədəni və digər sahələr üzrə səmərəli əməkdaşlıq mövcuddur.
Səfir bu yaxınlarda böyük türkmən şairi Məhtimqulu Fəraqinin nadir əlyazmasının Azərbaycanda tapıldığını, bu əlyazmanın türkmən mütəxəssisləri ilə birlikdə və Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylinin elmi redaktəsi ilə Azərbaycan, türkmən və ərəb dillərində nəfis şəkildə nəşr olunduğunu, Bakıda kitabın təqdimatının keçirildiyini bildirib. Bunun eyni mədəni dəyərləri bölüşən Azərbaycan və türkmən xalqları arasında əlaqələrin inkişafının təzahürü olduğu vurğulanıb.
Görüşdə, həmçinin hər iki ölkənin səfirlikləri üçün qarşılıqlı əsasda torpaq sahələrinin ayrılması ilə bağlı fikir mübadiləsi aparılıb və məsələnin yaxın günlərdə həll olunacağı bildirilib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad