ELM VƏ TƏHSİL
AZƏRBAYCAN UNİVERSİTETİNDƏ “DƏYİRMİ MASA” KEÇİRİLMİŞDİR
Fevralin 11-də Azərbaycan Universitetində Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası ilə birlikdə “11 sentyabr, antiterror tədbirləri və yeni dünya düzümü” mövzusunda “dəyirmi masa” keçirilmişdir. Müzakirəyə “Sivilizasiya və terror”, “11 sentyabr və antiterror əməliyyatlarının yeni mərhələsi”, “Qloballaşma və qlobal problemlər”, “Birqütblü və ikiqütblü dünya dilemması” problemləri çıxarılmışdı.
Universitetin rektoru professor Səlahəddin Xəlilov tədbiri açaraq, terrorizmin bütün bəşəriyyət üçün necə böyük təhlükə olmasından və ona qarşı mübarizədə dövlətlərin səylərinin birləşdirilməsi zərurətindən danışdı. Rektor vurğuladı ki, Nyu-Yorkda baş vermiş faciə terrorizmin necə böyük miqyas ala biləcəyini bütün dünyaya nümayiş etdirdi.
Prezidentin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirdi ki, terrordan ziyan çəkən ölkə kimi Azərbaycan terroru sivilizasiyaya və demokratiyaya qarşı qəsd hesab edir və onun hər cür təzahürlərinə qarşı eyni dərəcədə qəti addımlar atılması vacibdir. Bu mənada Ermənistan silahlı qüvvələrinin Azərbaycan əhalisinə qarşı törətdiyi cinayətlər, habelə bilavasitə terror aktları da beynəlxalq ictimaiyyət tərəfindən pislənməli və bu sahədə ciddi tədbirlər görülməlidir.
Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov terrorun bilavasitə müharibə şəraiti, işğalçılıq siyasəti və təcavüzkar separatizmlə bağlılığını, Qafqazda yaranmış qeyri-stabil vəziyyətin bütün dünyada sabitlik üçün təhlükə olduğunu vurğulayaraq dedi ki, bir ölkədə baş verən cinayətlər bütün dövlətlərin birgə səyləri ilə aradan qaldırılmalıdır. Bu baxımdan Dağlıq Qarabağ probleminin ədalətli həlli və erməni terrorizminin qarşısının alınması bütün dövlətlər üçün vacibdir.
Müzakirələrdə Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyasının sədri Şahlar Əsgərov, deputatlardan Rəbiyyət Aslanova, Gültəkin Hacıyeva, Asəf Hacıyev, Rumıniyanın Bakıdakı səfiri Taşım Cəmi və başqaları çıxış edərək, terrorizmə qarşı beynəlxalq mübarizənin əhəmiyyətindən, bu mübarizədə ikili standartların yolverilməzliyindən danışdılar.