Azərbaycan Uroloq və Androloqlarının Regional Sumqayıt konfransı keçirilib
Sumqayıt, 1 may, Ətrabə Rzayeva, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Azərbaycan Uroloq və Androloqların Regional Sumqayıt konfransı keçirilib. Səhiyyə Nazirliyinin, TƏBİB-in, Azərbaycan Urologiya Assosiasiyasının (AUA), Andrologiya və Reproduktiv Təbabət Assosiasiyasının (ARTA) və Sumqayıt Tibb Mərkəzinin (STM) təşkilatçılığı ilə keçirilən konfrans “Sidik daşı xəstəliyi” mövzusuna həsr olunub.
AZƏRTAC xəbər verir ki, müxtəlif tibb müəssisələrində çalışan 100-ə yaxın uroloq, androloq, ginekoloq və digər ixtisas sahiblərinin qatıldığı konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Görkəmli uroloq-alim, Azərbaycan Tibb Universitetinin Urоlоgiyа kаfedrаsının müdiri, AMEA-nın müxbir üzvü Südeyif İmamverdiyev iştirakçıları salamlayıb və konfransın işinə uğurlar arzulayıb. O, Ulu Öndərin Azərbaycanın inkişafında göstərdiyi xidmətlərdən geniş bəhs edib.
ATU-nun Tədris Cərrahiyyə Klinikasının Urologiya kafedrasının professoru, ARTA-nın sədri İlham Əhmədov müzakirə olunacaq məsələləri konfrans iştirakçılarının diqqətinə çatdırıb.
TƏBİB-in İxtisaslı tibbi yardım departamentinin rəhbəri Teymur Mirzəbəyli çalışdığı qurumun xəstəliklərlə mübarizə sahəsində əldə etdiyi uğur və nailiyyətlərdən danışıb. T.Mirzəbəyli tibbin müxtəlif sahələri üzrə mütəxəssislərin iştirakı ilə keçirilən bu kimi konfransların qarşılıqlı fikir və təcrübə mübadiləsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Konfrans iştirakçıları Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən vidoçarxı izləyiblər.
Akademik M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasının həkim-uroloqu Elçin Mustafayev “Perkutan cərrahiyyədə təcrübəm”, uroloq-androloq Mansur Xəlilov “İntrarenal cərrahiyyə nə qədər üstündür?”, Kliniki Tibbi Mərkəzin Urologiya şöbəsinin müdiri, həkim-uroloq Araz İbrahimov “Mərhələ-mərhələ URS”, uroloq-androloq Niyammədin Əliyev “Anomalik böyrəklərdə perkutan nefrolitotomiya” mövzularında təqdimatla çıxış ediblər.
Sumqayıt Tibb Mərkəzinin 1 nömrəli Şəhər Xəstəxanasınn baş həkimi, həkim-uroloq Mətləb Musayev isə çıxışında şəhərdə uroloji xidmətin vəziyyətinə toxunub, rəhbərlik etdiyi xəstəxananın urologiya şöbəsində həyata keçirilən əməliyyatlardan, perspektivlərdən geniş söz açıb.
Akademik M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxananın Uşaq urologiyası şöbəsinin müdiri, tibb elmləri üzrə fəlsəfə doktoru Rafael Soltanov “Uşaqlarda daş xəstəliklərinin müalicəsinə endoskopik yanaşma”dan, ATU-nun II mamalıq-ginekologiya kafedrasının dosenti, cərrah mama-ginekoloq Şəymən Qədimova isə “Hamilə qadınlarda daş xəstəliyi”ndən danışıb.
Konfrans öz işini interaktiv müzakirələrlə yekunlaşdırıb.
Sonda konfrans iştirakçıları fəxri fərmanla təltif ediliblər.