Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu uşaqların gözü ilə
Bakı, 18 noyabr, AZƏRTAC
Bu gün təkcə mənim deyil, Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda iştirak edən bütün uşaqların yaddaşında ən unudulmaz gün kimi qalacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Uşaqların V Ümumrespublika Forumunun iştirakçısı, tədbirdə Balakən rayonundakı uşaqları təmsil edən Çinarə Həsənova deyərək fikrini belə davam etdirib: “Rayonda uşaqlar arasında keçirilən intellektual yarışlarda fərqləndiyimə görə, Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsinin apardığı müsahibəyə buraxıldım və beləcə Forum iştirakçısı olmaq mənə nəsib oldu”. Çinarənin sözlərinə görə Forum çərçivəsindəki bir sıra layihələrdə iştirakı ona ancaq yeni dostlar qazandırmayıb, o, həmçinin Azərbaycanın digər bölgələri ilə tanış olmaq imkanı əldə edib.
Aşurbəy Məmmədzadə isə Foruma paytaxtın Pirallahı rayonundan qatıldığını bildirib və ictimai fəallığı ilə bərabər, məktəbdə əlaçı olmasını müsahibədən addamasında başlıca səbəb kimi gördüyünü deyir: “Müsahibdən sonra komitənin təşkil etdiyi yay məktəbində olmağımı həyatımın ən mənalı anları hesab edirəm. Bu gün Forum çərçivəsində hökumət rəsmilərinə sual verəcəyəm”.
Bərdə rayonundan paytaxtda keçirilən Foruma gəldiyini bildirən Şəhriyar Əsədov tarix fənni üzrə respublika turuna vəsiqə qazandığına görə Komitədən gələn mütəxəssislərin diqqətini cəlb etdiyini deyir: “Forum iştirakçısı seçilmək üçün idman və təhsildəki nailiyyətlərimin rolu olduğunu düşünürəm. Ötən il 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər ömrümün unudulmaz məqamları olacaq. Vətən müharibəsi nəticəsində əldə etdiyimiz Qələbə xalqımızın tarixində əbədi qalacaq”. Şəhriyar müharibəyə Bərdədən gedən, döyüş əməliyyatlarında fərqlənsə də xalqımızın yadında oxuduğu təsniflə qalan şəhid Xudayar Yusifzadə kimi insanların gəncliyə nümunə olduğunu söyləyib.
Yardımlı rayonundan olan Miri Kazımzadə maraq dairəsinin kitab oxumaq və idman etmək olduğunu deyir. “Zəfər Günü bizim üçün bayramdır. Novruz bayramını necə qeyd ediriksə bu il noyabrın 8-ni də o cür qeyd etdik və deyim ki, uşaqların əksəriyyəti belə fikirləşir”, - deyə Miri Kazımzadə əlavə edib.
Kürdəmir uşaqlarını təmsil etdiyini bildirən Fərid Zərbəliyev seçim mərhələsində folklorla bağlı araşdırmalar aparması ilə diqqəti çəkib. O hesab edir ki, iştirak etdiyi Forum uşaqların ali məclisi kimi onun sinif yoldaşları və dostları arasında maraq doğurub: “Mən burada onların suallarını ümumiləşdirib hökumət nümayəndələrinə ünvanlayacağam. İnanıram ki, qaldırdığımız məsələ onların da diqqətini çəkəcək”.