Azərbaycan və Malayziya arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin imkanları müzakirə olunub
Bakı, 14 dekabr, AZƏRTAC
Dekabrın 14-də Milli Məclisin Malayziya ilə parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri Vüqar Bayramov bu ölkənin Azərbaycandakı səfiri Dato Yubazlan Yusof ilə videokonfrans formatında görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Vüqar Bayramov səfirin fəaliyyətini yüksək qiymətləndirib. Azərbaycan və Malayziya arasında davam edən yüksək əməkdaşlıq münasibətlərinə diqqət çəkən deputat işğaldan azad edilmiş ərazilərimizdə aparılan böyükmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verib, qarşılıqlı sərmayə qoyuluşlarının əhəmiyyətindən bəhs edib.
Azərbaycan-Malayziya münasibətlərinin çoxşaxəli xarakterini vurğulayan V.Bayramov iki ölkə arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi imkanlarından danışıb.
Səfir Yubazlan Yusof ölkəsinin Azərbaycanla əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu bildirib, iqtisadi, ticari, turizm, o cümlədən humanitar və elm sahələrində əlaqələrin inkişafına önəm verdiyini vurğulayıb.
Söhbətdə qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub və iki ölkə arasında parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi və tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.