RƏSMİ XRONİKA
AZƏRBAYCAN VƏ MİSİR PREZİDENTLƏRİNİN GENİŞ TƏRKİBDƏ GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mayın 6-da Qahirədə Azərbaycan Prezidenti İlham Əliyevin və Misir Prezidenti Hüsni Mübarəkin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilmişdir.
Görüşdə Azərbaycanla Misir arasında ikitərəfli münasibətlərin, siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etdirildiyi vurğulandı. Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın da yüksək səviyyədə olduğunu bildirdilər. Qeyd olundu ki, iqtisadi sahədə əlaqələrin genişləndirilməsi üçün böyük potensial var və bundan səmərəli istifadə edilməsi hər iki ölkə üçün zəruri və faydalıdır.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsinə də toxunuldu. Misir Prezidenti Hüsni Mübarək onun ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində, sərhədlərin toxunulmazlığı prinsipi əsasında sülh yolu ilə ədalətli həllinə tərəfdar olduğunu xüsusi vurğuladı.
Prezident İlham Əliyev Misir Prezidenti Hüsni Mübarəki Azərbaycana rəsmi səfərə dəvət etdi.