Azərbaycan və Qazaxıstan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib
XİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məsləhətləşmələrdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov, Qazaxıstanı isə xarici işlər nazirinin müavini Samat Ordabayev təmsil edib.
Azərbaycanın Qazaxıstan ilə bir sıra beynəlxalq və regional təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığını qeyd edən Xələf Xələfov ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar və s. sahələrdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu bildirib. X.Xələfov, həmçinin Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı layihələr haqqında qazaxıstanlı həmkarına ətraflı məlumat verib və sözügedən layihələr çərçivəsində ölkələrimizin uğurlu əməkdaşlığını qeyd edib.
X.Xələfov Ermənistanın Avrasiya İqtisadi Birliyinə və Gömrük İttifaqına üzvlük prosesi zamanı Azərbaycanın ərazi bütövlüyü və suveren hüquqları məsələlərinə Qazaxıstanın həssaslıqla yanaşmasını rəsmi Bakının yüksək qiymətləndirdiyini bildirib. Diplomat problemin sülh yolu ilə həllinə tərəfdar olduğumuzu, Ermənistanın təcavüzkar siyasətindən əl çəkmədiyi, işğal etdiyi Azərbaycan ərazilərini geri qaytarmadığı təqdirdə isə ölkəmizin bütün vasitələrlə öz ərazi bütövlüyünü təmin etmək əzmində olduğunu vurğulayıb.
Azərbaycana sonuncu dəfə 8 il bundan əvvəl gəldiyini bildirən Samat Ordabayev paytaxtımızda müşahidə etdiyi inkişaf haqqında xoş təəssüratlarını bölüşüb. O, ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığın müxtəlif sahələrinə toxunub, münasibətlərin strateji xarakterini qeyd edib. S.Ordabayev Azərbaycan ilə Qazaxıstan arasındakı münasibətlərin daha da inkişafında hər iki ölkə rəhbərlərinin rolunu vurğulayıb.
Görüşdə regionda baş verən mühüm hadisələr, eləcə də qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.