Azərbaycan və Qazaxıstanın təhsil işçiləri təcrübələrini bölüşürlər
Bakı, 7 sentyabr, AZƏRTAC
Qazaxıstanın təhsil işçiləri Azərbaycan müəllimləri üçün Astanada başlayan “Tədrisdən tədqiqata” təlimini yerli mühitdə tamamlamaq məqsədilə ölkəmizə səfər ediblər.
Bu barədə AZƏRTAC-a Təhsil İnstitutundan bildirilib. Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə Qazaxıstanın “Nazarbayev İntellekt Məktəbləri” ASC-nin Pedaqoji Ustalıq Mərkəzi arasında bağlanmış müqaviləyə əsasən, 30 təhsil işçisi avqustun 11-24-də Astana şəhərində səfərdə olub. İlk 2 modulu Astanada başa vurduqdan sonra növbəti 2 modul Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzində davam edir. Təlimlər ibtidai sinif müəllimlərinin peşə bacarıqlarının artırılması, həmçinin əldə edilmiş təcrübənin həmkarları ilə bölüşülməsi məqsədilə təşkil olunub və sentyabrın 8-də yekunlaşacaq.
Təhsil İnstitutunun direktoru Rüfət Əzizov təlimləri izləyib, qoyulan hədəflərə çatmaq üçün məzmunun və yanaşmaların dəyişdirilməsi ilə bağlı fəaliyyətlər haqqında məlumat verib.
Sonda təlim iştirakçıları STEAM İnnovasiya Mərkəzi ilə tanış olublar.