Azərbaycan və Rumıniya arasında yeni əməkdaşlıq perspektivləri müzakirə edilib
Buxarest, 21 aprel, AZƏRTAC
Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfov Rumıniya Senatının sədri Florin Kitsu ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüş zamanı Azərbaycanla Rumıniya arasında müxtəlif sahələrdə əlaqələr, o cümlədən mövcud strateji tərəfdaşlıq çərçivəsində yeni əməkdaşlıq perspektivləri müzakirə edilib. H.Nəcəfov 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqla bağlı Rumıniya Senatının sədrinə geniş məlumat verib və Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın dəvət məktubunu ona təqdim edib.
Florin Kitsu də öz növbəsində ölkəsinin Cənubi Qafqazda yeganə strateji tərəfdaşı olan Azərbaycanla ikitərəfli münasibətlərin yüksək qiymətləndirildiyini vurğulayıb. O, bu münasibətlərin, eləcə də parlamentlərarası əlaqələrin daha da dərinləşdirilməsi üçün hər iki tərəfin səylərinin davam etdirilməsinin vacibliyini vurğulayıb. Senatın sədri Rumıniyanın bütün istiqamətlərdə, o cümlədən enerji sahəsində ölkəmizlə daha sıx əməkdaşlıq etməkdə maraqlı olduğunu diqqətə çatdırıb.
F.Kitsu dəvət məktubuna görə Milli Məclisin sədrinə təşəkkürünü çatdıraraq, yaxın zaman ərzində Azərbaycana səfər etməkdə maraqlı olduğunu bildirib.
Rumıniya KİV-i F.Kitsuya istinadla görüş barədə geniş məlumat yayıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest