AZƏRBAYCAN VƏ RUSİYA MÜNASİBƏTLƏRİ ÇOX YÜKSƏK SƏVİYYƏDƏDİR
Oqtay Əsədov demişdir ki, Azərbaycan-Rusiya əlaqələrinin çox dərin, tarixi kökləri vardır. Azərbaycan müstəqillik əldə etdikdən sonra ümummilli lider Heydər Əliyevin səyi nəticəsində münasibətlərimizdə yeni mərhələ yaranmışdır. Dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri əlaqələrimizin inkişafına təkan vermişdir. Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri, Milli Məclisdəki çıxışı bu gündə hörmətlə anılır. Hazırda Azərbaycanda rus dilində 30-dan çox qəzet, 10-dan çox jurnal çap olunur, rus dili ölkəmizdə geniş tədris edilir. Azərbaycanda rus icması fəaliyyət göstərir.
Biz 2005-ci ilin Rusiyada Azərbaycan ili elan olunmasını, bu münasibətlə keçirilən tədbirlər çərçivəsində Rusiya Federal Məclisində Milli Məclis günlərinin təşkilini yüksək qiymətləndiririk. Gələn il isə Azərbaycanda Rusiya ili olacaqdır.
Pyotr Burdıkin səmimi qəbula və xoş sözlərə görə minnətdarlığını bildirmiş, Oqtay Əsədovu Milli Məclisin sədri seçilməsi münasibətilə təbrik etmiş, bu məsul vəzifədə ona uğurlar arzulamışdır. Diplomat ölkələrimiz arasında əlaqələrin inkişafında ümummilli lider Heydər Əliyevin rolunu xüsusi vurğulamışdır. O, münasibətlərimizin bugünkü səviyyəsindən razılıqla danışmış, Rusiyada Azərbaycan ilinin əhəmiyyətini nəzərə çapdıraraq qeyd etmişdir ki, bu cür tədbirlər mədəni və humanitar sahələrdə olduğu kimi, siyasi və iqtisadi sahələrdə də əlaqələrin inkişafını sürətləndirir.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.