AZƏRBAYCAN VOLEYBOL FEDERASİYASI RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyulun 22-də Azərbaycan Voleybol Federasiyası rəyasət heyətinin iclası keçirilmişdir.
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin, Voleybol Federasiyası rəsmilərinin, klubların və voleybol ictimaiyyəti nümayəndələrinin iştirak etdikləri iclasda Azərbaycan klublarının Avropa kubokları turnirlərinə hazırlığı, yeni qaydalara uyğun olaraq oyun zalı üçün xüsusi “taraflex” örtüyünün alınması və təşkilati məsələlər müzakirə olunmuşdur.
Fasilədə keçirilən mətbuat konfransında qadınlardan ibarət Azərbaycan yığma voleybol komandasının baş məşqçisi Faiq Qarayev son illər ölkədə idmanın bu növünün sürətlə inkişaf etdiyini, beynəlxalq yarışlarda bir sıra uğurların qazanıldığını söyləmişdir. O, gələcəkdə daha yüksək nəticələrin qazanılması üçün yığma komanda üçün yeni bazanın inşa edilməsinin vacibliyini vurğulamışdır.
F.Qarayev demişdir ki, Bakı İdman Sarayında döşəmə sıradan çıxdığından gələcəkdə orada mühüm əhəmiyyətli yarışların keçirilməsində problemlər yarana bilər.
Çingiz Hüseynzadə voleybol yığmamızın və klubların təlim-məşq keçməsi üçün bazanın inşa olunacağını söyləmiş, həmin vaxtadək isə alternativ zallardan istifadəni tövsiyə etmişdir. MOK-un vitse-prezidenti bu məqsədlə olimpiya komplekslərindən, universitetlərin idman zallarından məşq meydançaları kimi istifadə etməyin mümkünlüyünü vurğulamışdır. Ç.Hüseynzadə Azərbaycan Texniki, Memarlıq və İnşaat universitetlərində bunun üçün hər cür şəraitin olduğunu bildirmişdir.
Qeyd edək ki, bu il Avropa kubokları turnirlərində ölkəmiz “Azərreyl”, “Rabitə”, “İqtisadçı” və “Azərneft” klubları ilə təmsil olunacaqdır.