AZƏRBAYCAN XALQI ERMƏNİSTAN ZABİTLƏRİNİNBAKIDAKI TƏLİMLƏRDƏ İŞTİRAKININ QƏTİ ƏLEYHİNƏDİR
Fəaliyyəti dövründə Azərbaycan-Rusiya münasibətlərinin daha da yaxşılaşmasına fəal kömək etdiyini, bu gün ölkələrimizin əlaqələrinin bütün istiqamətlərdə, o cümlədən hərbi əməkdaşlıq sahəsində arzu edilən səviyyədə olmasında Nikolay Ryabovun xidmətlərini xüsusi vurğulayan general-polkovnik Səfər Əbiyev Şimali Osetiyanın Beslan şəhərində törədilən terror aktı nəticəsində həlak olanlarla əlaqədar səfirə başsağlığı vermişdir.
Nazir Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq qeyd etmişdir ki, Azərbaycan da terrora məruz qalmış bir dövlətdir. İşğalçı Ermənistan onun ərazisində 32 terror aktı keçirmiş və nəticədə 2 min nəfərdən çox günahsız Azərbaycan vətəndaşı həlak olmuşdur. Xocalı faciəsi Azərbaycan ərazisində həyata keçirilmiş ən dəhşətli terror aktıdır.
Səfir Nikolay Ryabov qəbul üçün təşəkkür edərək, ümummilli liderimiz Heydər Əliyevin müstəqil Azərbaycanın memarı olduğunu söyləmiş və demişdir ki, bu dahi şəxsiyyətin səyləri nəticəsində Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyəyə qalxmışdır. Bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İnanıram ki, Rusiya-Azərbaycan münasibətləri bütün sahələrdə ən yüksək səviyyəyə çatacaqdır.
General-polkovnik Səfər Əbiyev Astanada MDB dövlət başçılarının zirvə toplantısında Azərbaycan və Rusiya prezidentlərinin görüşündən Azərbaycan xalqının çox şey gözlədiyini və bu görüşün Ermənistan-Azərbaycan münaqişəsinin həllinə müsbət təsir edəcəyini vurğulayaraq demişdir ki, yaxın günlərdə Bakıda NATO-nun SNT proqramı çərçivəsində “Kooperativ Best Effort-04” səhra təlimi keçiriləcəkdir. Azərbaycan ərazilərini işğal etmiş, terroru və separatçılığı dövlət siyasəti səviyyəsində dəstəkləyən Ermənistanın Bakıda keçirilən təlimə can atması bizi təəccübləndirir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımır. Bu azmış kimi, Azərbaycana qarşı ərazi iddialarından əl çəkmir. Azərbaycanla Ermənistan arasında heç bir diplomatik əlaqə yoxdur. Belə olan halda, Ermənistan Silahlı Qüvvələri zabitlərinin Bakıda keçirilən təlimdə iştirakı mümkünsüzdür. Azərbaycan xalqı Ermənistan zabitlərinin bu təlimdə iştirakının qəti əleyhinədir. Hesab edirik ki, Ermənistanın bu təlimdə iştirakı üçün canfəşanlıq etməsi, Astanada MDB dövlət başçılarının zirvə toplantısı və bu tədbir zamanı Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ərəfəsində iki dövlət arasında münasibətlərin daha da gərginləşməsinə və danışıqların pozulmasına xidmət edir. Müdafiə Nazirliyi bəyan edir ki, beynəlxalq əməkdaşlıq pərdəsi arxasında gizlənən və NATO tədbirlərində ara-sıra iştirak edən Ermənistan Bakı təlimində iştirakdan imtina etməlidir.
Səfir Nikolay Ryabov demişdir ki, bu, sizin mövqeyinizdir. Hesab edirik ki, Ermənistan və Azərbaycan arasında danışıqlar prosesini daha da sürətləndirmək lazımdır. Biz hər iki dövlətin milli mənafeyi naminə Rusiya-Azərbaycan hərbi əməkdaşlığının daha da yaxşılaşmasını arzulayırıq.
Nazir Səfər Əbiyev ötən il Ermənistanda keçirilən belə təlimdə iştirakdan Azərbaycanın imtina etdiyini xatırlatmış, rusiyalı diplomata Azərbaycanda missiyasını başa çatdırması ilə bağlı təşəkkürünü bildirmiş, ona yeni işində uğurlar arzulamışdır.
Görüşdə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi, kontr-admiral Vladimir Lomakin iştirak etmişdir.