Azərbaycan xalqı Prezident İlham Əliyevə səs verməklə destruktiv və xain qüvvələrə yox deyib
Bakı, 7 aprel, AZƏRTAC
Dörd il öncə keçirilmiş növbədənkənar prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi, partiyanın Sədri İlham Əliyev şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilib. Xalqımızın iradəsini əks etdirən Prezident seçkilərinin nəticələrinə əsasən Azərbaycan xalqı görülən işlərə yüksək qiymət, inkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcəyə səs verib. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü baş tutan “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşüb ki, bu da bir daha seçkilərin xalqın iradəsini əks etdirdiyini göstərib.
Bunu AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
O bildirib ki, İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, dövlətçiliyimizin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənib, insan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləri olub. Bütün bunlar isə xalqın seçimini Prezident İlham Əliyevin xeyrinə müəyyən etmiş amillərdir.
Seçicilərin mütləq əksəriyyətinin Prezident İlham Əliyevə səs verməsinin, əslində xalqın bütün destruktiv və xain qüvvələrə yox deməyinin təzahürü kimi qiymətləndirən Ramil Vəlibəyov deyib: “2018-ci ildə keçirilmiş seçkilər bir daha radikalların Azərbaycanın siyasi səhnəsində yerinin olmadığını göstərib. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərib. Bu səbəbdən də 2018-ci ildə Azərbaycan xalqı Prezident İlham Əliyevə səs verməklə ölkədə aparılan demokratik islahatlara səs vermiş olub”.
2018-ci ildə Azərbaycan xalqının davamlı inkişafa və siyasi sabitliyə də səs verdiyini vurğulayan Ramil Vəlibəyov əlavə edib: “Ötən illər ərzində maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. Sosial infrastruktur inkişaf edib, o cümlədən 3100-dən çox məktəb və 640-dan çox xəstəxana tikilib, təmir edilib, bölgələrdə Olimpiya İdman Mərkəzləri yaradılıb. Eyni zamanda, Azərbaycan qlobal rəqabətlilik indeksində dünyadakı mövqeyini xeyli gücləndirib. İqtisadiyyatın neft-qaz sektoru əsaslı şəkildə inkişaf edib, Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib, yol və nəqliyyat infrastrukturu sürətlə inkişaf edib. Bir sözlə, Prezident İlham Əliyevin idarəçilik dövrü milli maraqların qorunmasına xidmət edən strateji nailiyyətlər dövrü kimi tarixə düşüb. Bu dövr ərzində Prezident İlham Əliyev xalqı milli ideya ətrafında birləşdirib, azərbaycançılıq məfkurəsi ölkəmizdə tam bərqərar olub. Məhz, xalqın etimadı və Prezident İlham Əliyevin praqmatik siyasəti nəticəsində də 2020-ci ildə Vətən müharibəsində 30 il işğal altında olmuş torpaqlarımız azad edilib”.