Azərbaycan XİN Ukrayna ərazisindəki vətəndaşlarımızın qonşu ölkələrə keçidi barədə məlumat yayıb
Bakı, 28 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Ukraynadakı vəziyyətlə bağlı bu ölkə ərazisində daimi və müvəqqəti yaşayan, səfərdə olan Azərbaycan vətəndaşlarının qonşu ölkələrə keçidi barədə məlumat yayıb.
AZƏRTAC məlumatı təqdim edir: “Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədəki Azərbaycan vətəndaşlarının qonşu ölkələrdən Moldova Respublikası, Polşa Respublikası, Slovakiya Respublikası, Macarıstan, habelə Rumıniya ərazisinə keçidi davam edir.
Xatırladırıq ki, sözügedən dövlətlərlə əldə edilmiş razılıq əsasında Azərbaycan vətəndaşlarının tranzit keçidi üçün viza tələbi müvəqqəti olaraq qaldırılıb, vətəndaşlar tərəfindən yalnız səyahət sənədi təqdim edilir, COVID-19 pasportu və PCR testinin neqativ nəticəsi mütləq şəkildə tələb edilmir.
Ukraynada hərbi əməliyyatların başlanmasından bu günədək quru yolla qonşu ölkələrdən Moldovaya 950, Polşaya 447, Macarıstana 17, Rumıniyaya 200, Slovakiyaya isə 13 vətəndaşımız daxil olub.
Ukraynadakı vəziyyətlə əlaqədar vətəndaşlarımıza hərbi obyektlərdən kənar olmalarını, evdə və ya təhlükəsiz yerdə qalmalarını, səyahətdən çəkinmələrini tövsiyə edirik.
Xüsusi hallarla bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının Kiyev şəhərindəki səfirliyi ilə (+380 73) 5050000 telefon xətti və [email protected] elektron poçt ünvanı, Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və [email protected] elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər.
Vəziyyətin inkişafından asılı olaraq əlavə məlumat vətəndaşlarımıza təqdim ediləcək”.