İQTİSADİYYAT
Azərbaycana məxsus avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları 67 faiz artıb
Bakı, 25 sentyabr, AZƏRTAC
2023-cü ilin ilk yarısında ölkədə Azərbaycana məxsus avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının sayı 122 min 49 olub. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 67 faiz çoxdur.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a bildirilib ki, AYNA-nın apardığı təhlillər görə, Azərbaycana məxsus avtomobil nəqliyyatı ilə 3-cü ölkə daşımaları üzrə göstəricilərdə də artım dinamikası müşahidə edilir. Azərbaycan daşıyıcıları 2022-ci ilin yanvar-iyun aylarında 14 min 151 ədəd 3-cü ölkə daşımaları (xarici ölkədən digər xarici ölkəyə) həyata keçirib. 2023-cü ilin müvafiq dövründə bu göstərici 27 min 743 olub.
2022-ci ildə 3-cü ölkə daşımaları üzrə Azərbaycan daşıyıcılarının həyata keçirdiyi daşımaların qeyri-neft ixracına nisbəti 6 faiz olub. 2023-cü ilin ilk 6 ayında bu göstərici 9,4 faizə çatıb. AYNA-nın hesablamalarına görə, cari ilin ilk yarısında 3-cü ölkə beynəlxalq yük daşımaları üzrə xidmətlərin ixracı 166 milyon 500 min dollar olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.
Keçən il Azərbaycan daşıyıcılarının ikitərəfli daşımalar üzrə həyata keçirdiyi daşımaların qeyri-neft ixracına nisbəti 15,5 faiz ilə yekunlaşıb. Bu ilin təkcə 6 ayında analoji göstərici 21,5 faiz təşkil edib. 2023-cü ilin ilk yarısında ikitərəfli beynəlxalq yük daşımaları üzrə xidmətlərin ixracı 377 milyon 200 min dollar səviyyəsində qiymətləndirilir. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 60 faiz çoxdur.
Ümumilikdə, qeyri-neft ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan Azərbaycana məxsus avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaların yaratdığı gəlir 2023-cü ilin 6 ayında 543 milyon 700 min dollar səviyyəsində qiymətləndirilir. Bunun da qeyri-neft ixracına nisbəti 30,7 faiz edir.
Qeyd edək ki, son iki ildə ölkəmizin beynəlxalq avtomobil daşımaları bazarının inkişafı, yerli daşıyıcıların təşviqi və onların bazar payının artırılması müşahidə olunur. Azərbaycan daşıyıcılarının sayı və daşımalarda istifadə olunan nəqliyyat vasitələrinin parkı da genişlənib. Bu il aprelin 8-də beynəlxalq avtomobil daşımalarına buraxılış qaydalarının tətbiqi də Azərbaycanın beynəlxalq avtomobil daşımaları bazarının inkişafına müsbət təsir göstərib.