Azərbaycançılıq ideologiyasının banisi olan ulu öndər Heydər Əliyev milli dövlətçiliyimizin memarı və qurucusudur
Naxçıvan, 9 iyun (AZƏRTAC). İyunun 9-da AMEA Naxçıvan Bölməsində “Heydər Əliyev lektoriyası”nın 60-cı məşğələsi “Heydər Əliyev və Azərbaycan” mövzusuna həsr olunmuşdur.
AZƏRTAC xəbər verir ki, məşğələni giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq müstəqil Azərbaycan Respublikasının müasir tarixinin böyük bir epoxasının məhz Ümummilli Liderin adı ilə bağlı olduğunu bildirmiş, onun xalqımız və dövlətçiliyimiz qarşısındakı əvəzsiz xidmətlərindən söz açmışdır.
Bildirilmişdir ki, hələ sovetlər dönəmində keçmiş ittifaqın istənilən nöqtəsində Azərbaycan deyəndə “Heydər Əliyevin Vətəni” ifadəsi təyinedici rol oynayırdı. Eləcə də müasir dövrdə beynəlxalq aləm ölkəmizi məhz dahi Heydər Əliyevin adı ilə tanıyır. Çünki Azərbaycanın sovetlər dönəmində müttəfiq respublikalar içərisində qabaqcıl mövqeyə yüksəlməsi də, daha sonra yenidən müstəqil dövlət kimi dünyanın geosiyasi xəritəsinə çıxması da məhz bu fenomenal şəxsiyyətin adı ilə bağlıdır.
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Qadir Qədirzadə “Heydər Əliyev və Azərbaycan” mövzusunda mühazirə ilə çıxış edərək bildirmişdir ki, ölkəmizin çoxəsrlik dövlətçilik tarixində özünün müstəsna əhəmiyyəti, xalqımızın nəinki bu günü, həm də gələcək taleyinin müəyyənləşdirilməsi baxımından Heydər Əliyevin həyata keçirdiyi siyasətin alternativi yoxdur. Ulu Öndərin siyasi fəaliyyətinin hər bir mərhələsi müasir tariximizin bütöv bir salnaməsini təşkil edir ki, onun da hər bir səhifəsi, hər bir sətri Ümummilli Liderin qüdrətli əlləri ilə yazılmışdır.
Vurğulanmışdır ki, görkəmli dövlət xadimi Heydər Əliyevin ən böyük xidmətlərindən biri məhz milli mənəvi dəyərlərimizi, adət-ənənələrimizi yaşatması, azərbaycançılıq ideologiyasının fundamental prinsipləri əsasında milli dövlətçilik arzularımızın real siyasi amilə çevrilməsinə nail olmasıdır. “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub”, - deyən böyük rəhbərin dövlətçiliyimizin ən ağır günlərində göstərdiyi qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləmişdir.
Qeyd olunmuşdur ki, əsl vətəndaş, tarixi şəxsiyyət və ümummilli lider kimi Heydər Əliyev millətini, Vətənini fəlakətdən qurtarmış, onu çevriliş, qiyam cəhdlərindən hifz edərək dirçəliş və inkişafa doğru yönəltmiş, cəmiyyətdə özünəinam hissini bərpa etmiş, ölkəmizdə sabitlik və firavanlığa təminat yaratmışdır.
Lektoriyaya AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev yekun vurmuşdur.