İQTİSADİYYAT
Azərbaycanda 2023-cü ildə rəqəmsal ödənişlərin xüsusi çəkisi 51 faizə çatıb
![Azərbaycanda 2023-cü ildə rəqəmsal ödənişlərin xüsusi çəkisi 51 faizə çatıb](/files/2023/2/1200x630/16866590605589646592_1200x630.png)
Bakı, 13 iyun, AZƏRTAC
Beynəlxalq Valyuta Fondunun hazırladığı sənəddə idarəetmə, tənzimləmə və bazarın liberallaşdırılması daxil olmaqla, struktur islahatlarının ortamüddətli perspektivdə Qafqaz və Mərkəzi Asiya regionunda iqtisadi artımı 5-7 faiz sürətləndirə biləcəyi göstərilir.
AZƏRTAC xəbər verir ki, bu barədə iyunun 13-də Bakıda keçirilən “Fintex summit 2023” - Maliyyə və Texnologiyalar Sərgisi çərçivəsində “Bank və maliyyə ekosistemində yeni trendlər: innovativ həllər, fintex və təhlükəsizlik” adlı sammitdə çıxışında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
Bildirib ki, maliyyə texnologiyalarının və bu sahədə idarəetmənin təkmilləşdirilməsi zəruri addımdır. Rəqəmsal ödənişlərin qlobal əməliyyat dəyərinin cari ilin sonuna qədər 6,7 trilyon ABŞ dollarına çatacağı proqnozlaşdırılır. Azərbaycanda isə 2023-cü ildə rəqəmsal ödənişlərin xüsusi çəkisi 51 faizə çatıb.
Qeyd olunub ki, Azərbaycan dövləti 2022‒2030-cu illəri əhatə edən strateji inkişaf mərhələsində həm də milli iqtisadiyyatın innovasiya yönümünün və maliyyə dayanıqlığının daha da gücləndirilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirir.