“Azərbaycanda alman izləri - ortaq tarix” - Berlində təqdimat VİDEO
Oktyabrın 7-də Berlində “Azərbaycanda alman izləri - ortaq tarix” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı və Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə baş tutan tədbir Azərbaycandakı alman mədəni irsinə və iki ölkə arasındakı ortaq tarixi əlaqələrə həsr olunub.
300-dən çox qonağın, o cümlədən Almaniya Xarici İşlər Nazirliyinin nümayəndələrinin, Bundestaqın üzvlərinin, səfirlərin, ictimaiyyət xadimlərinin, Azərbaycan, türk və dost icmaların üzvlərinin iştirak etdiyi tədbirdə, həmçinin “ANewZ” Televiziyası tərəfindən ərsəyə gətirilmiş “Kontrapunkt” sənədli filminin premyerası və “Azərbaycanda alman izləri” adlı nəşrin təqdimatı keçirilib.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxışında iki əsr əvvəl Vürtemberqdən Cənubi Qafqaza üz tutan alman ailələrin Azərbaycanda Helenendorf (Göygöl) və Annenfeld (Şəmkir) daxil olmaqla səkkiz qəsəbə yaratdıqlarını xatırladıb. Səfir həmin şəxslərin sadəcə məskunlaşmadıqlarını, Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsinə çevrildiklərini, xristian almanlarla müsəlman azərbaycanlıların nəsillər boyu sülh və qarşılıqlı hörmət şəraitində birgə yaşadıqlarını vurğulayıb. Diplomat Nikolaus fon der Nonne, Adolf Ayxler və Yohan Edel kimi memarların Bakının memarlığına və inkişafına verdiyi töhfələri vurğulayıb, alman icmasının Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentdə Lorents Kuhn tərəfindən təmsil olunduğunu diqqətə çatdırıb.
Nəsimi Ağayev 1941-ci ildə Stalin rejimi tərəfindən almanların Mərkəzi Asiyaya deportasiya olunması ilə bu birgəyaşayışa amansızcasına son qoyulduğunu təəssüf hissi ilə qeyd edib.
Təqdim olunan filmin adının musiqi terminologiyasından götürüldüyünü bildirən səfir müxtəlif səslərin öz fərdiliyini qoruyaraq harmonik bütövlük yaratması kimi, mədəni müxtəlifliyin də cəmiyyəti zənginləşdirdiyini diqqətə çatdırıb. Səfir layihənin reallaşdırılmasında əməyi olan “ANewZ” kollektivinə təşəkkürünü bildirib.
N.Ağayev Azərbaycan-Almaniya münasibətlərinin inkişafından da söz açaraq, Prezident İlham Əliyevin Almaniyaya səfəri zamanı Kansler Fridrix Merts ilə imzalanmış Birgə Bəyannamənin önəmini xüsusi qeyd edib, bu sənədin ikitərəfli tərəfdaşlığı strateji səviyyəyə qaldırdığını və müxtəlif istiqamətlərdə, o cümlədən mədəniyyət, təhsil sahələrinin və xalqlararası təmasların inkişafına da mühüm təkan verdiyini vurğulayıb.
Almaniya Xarici İşlər Nazirliyinin transsərhəd və regional əməkdaşlıq üzrə səlahiyyətli müvəkkili Anya Vallau çıxışında bu layihənin iki ölkə arasındakı zəngin tarixi irsin üzə çıxarılmasında müstəsna rol oynadığını qeyd edib. O, Azərbaycan Prezidenti və Almaniya Kansleri tərəfindən imzalanmış Birgə Bəyannamənin önəmini vurğulayaraq, bu sənədin digər strateji sahələrlə yanaşı, mədəniyyət, təhsil və dil əlaqələrinin inkişafını da diqqət mərkəzində saxladığını xüsusi diqqətə çatdırıb. A.Vallau Azərbaycandakı çoxmədəniyyətli mühitin və tarixi alman irsinin qorunub saxlanılmasının nümunəvi hal olduğunu və gələcək əməkdaşlıq üçün möhkəm körpü rolunu oynadığını bildirib.
“ANewZ” Televiziyasının icraçı direktoru Rüfət Həmzəyev çıxışında dövlətlərarası münasibətlərin əsasında məhz insan faktorunun və tarixi təmasların dayandığını qeyd edib. İcraçı direktor ekran əsərinin ərsəyə gəlməsi üçün çəkiliş heyətinin Almaniya və Azərbaycanda 2700 kilometrdən çox məsafə qət edərək alman məskunların varisləri ilə görüşdüyünü və zəngin arxiv materialları topladığını diqqətə çatdırıb. Rüfət Həmzəyev filmin ərsəyə gəlməsinə göstərilən dəstəyə görə Azərbaycan səfirliyinə, alman tərəfdaşlara və çəkiliş heyətinə minnətdarlığını ifadə edib.
Çıxışlardan sonra alman məskunların həyat yolunu, mədəni irsini və azərbaycanlılarla dinc birgəyaşayışını dolğun əks etdirən “Kontrapunkt” sənədli filmi nümayiş olunub. Teodor Geonovun rejissoru olduğu film böyük maraqla qarşılanıb.
Filmin nümayişindən sonra tədbir bədii hissə ilə davam edib. Alman-Azərbaycan “Einklang” kvartetinin ifasında hər iki ölkənin musiqi ənənələrini sintez edən konsert proqramı təqdim olunub.
Səfirlik tərəfindən alman və ingilis dillərində nəşr olunmuş, tanınmış fotoqraf Etibar Cəfərovun çəkdiyi şəkillərdən ibarət “Azərbaycanda alman izləri” adlı foto-kitab da tədbir iştirakçılarının böyük marağına səbəb olub.
Elvin Mövsüm