Azərbaycanda “Elektron vəkil orderi” pilot layihə kimi tətbiq olunur
Bakı, 28 oktyabr, AZƏRTAC
Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzində Dünya Bankının dövlət sektoru üzrə mütəxəssisi, “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsinin tapşırıq üzrə qrup rəhbəri Eva Melisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Vəkillər Kollegiyasının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdən əvvəl qonaqlar Mərkəzin inzibati binası ilə tanış olub və fəaliyyəti barədə ətraflı məlumatlandırılıblar.
Sonra çıxış edən Vəkillər Kollegiyasının sədr müavini - Hüquqi Yardım və Tədris Mərkəzinin direktoru Şahmar Məmmədov nümayəndə heyətini Vəkillər Kollegiyasında 2017-ci ilin dekabrından etibarən bütün sahələrdə aparılan köklü islahatların innovasiya tətbiqindən də yan keçmədiyini bildirib.
O diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 22 fevral tarixli Sərəncamından irəli gələrək Vəkillər Kollegiyası tərəfindən vəkillik fəaliyyətinin elektronlaşdırılması, vətəndaşların vəkillərə çatımlılığı və hüquqi yardımın keyfiyyətinin artırılması istiqamətində çoxsaylı işlər görülüb.
Sədr müavini Kollegiya tərəfindən başladılan "Elektron vəkil orderi" də daxil olmaqla, vəkillik sahəsindəki digər xidmətlərdə innovasiyaların tətbiqinin, ötən ildən etibarən Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində gücləndirilməsindən, "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə əlaqəli xidmətlərin elektronlaşdırılmasının bütün tərəflər üçün faydalarından, təqdirəlayiq olmasından bəhs edib.
Şahmar Məmmədov əlavə edib ki, bu əməkdaşlıq çərçivəsində "Elektron vəkil orderi" bir Vəkil Bürosunda pilot layihə kimi artıq başlanılıb, beş Vəkil Bürosunun isə yaxın günlərdə qoşulması gözlənilir. Bunun özünü doğruldacağına ümid etdiyini deyən Ş.Məmmədov qısa zamanda bütün respublikanı əhatə edəcəyini söyləyib.
Daha sonra E.Melis çıxışında Vəkillər Kollegiyası ilə sıx əməkdaşlıqdan məmnunluğunu və Kollegiyanın bu sahədə atdığı addımları yüksək qiymətləndirdiklərini bildirib.
Görüşdə Kollegiyanın baş katibi Bayram Orucov, üzvü, Elektron Vəkil Komitəsinin sədri Nihad Əliyev və başqaları həm ötən dövrdə, həm də birgə əməkdaşlıq çərçivəsində görülən işlərin hesabatlılığını təqdim edib, onların effektivliyini diqqətə çatdırıb. Eyni zamanda, hər bir işin hansı mərhələdə olduğu barədə ümumi məlumat verib, o cümlədən layihə başa çatdıqdan sonra da əməkdaşlığın davam edəcəyinə ümid etdiklərini dilə gətiriblər.
Həmçinin Dünya Bankının dəstəyi ilə həyata keçirilən layihə barədə fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər görüşdə müzakirə edilib.