Azərbaycanda kənd təsərrüfatının mövcud potensialı yeni hədəflər müəyyən etməyə imkan verir
Noyabrın 1-i Kənd təsərrüfatı işçilərinin peşə bayramı günüdür
Bakı, 1 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Sərəncamı ilə noyabr ayının 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur. AZƏRTAC Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru, İqtisad üzrə fəlsəfə doktoru Firdovsi Fikrətzadənin aqrar sahə işçilərinin peşə bayramı ilə əlaqədar məqaləsini təqdim edir.
Ölkədə dayanıqlı inkişaf prinsiplərinə əsaslanan, ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsini təmin edən, ixrac potensialının artırılmasına və kənd yerlərində rifahın yüksəldilməsinə töhfə verən rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sənayesinin formalaşdırılması sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindən birini təşkil etməklə, məqsədyönlü və ardıcıl dövlət proqramları vasitəsilə həyata keçirilir.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə post-sovet məkanında ilk dəfə Azərbaycanda həyata keçirilən köklü aqrar islahatlar nəticəsində kəndli torpaq sahibi olmaqla, məhsuldar fəaliyyət üçün yüksək motivasiya ilə təmin olundu. Məhz bu islahatların sayəsində ölkədə kənd təsərrüfatı sahəsində bazar iqtisadiyyatına keçid dövründə yaranan dərin böhran aradan qalxdı, uzunmüddətli dinamik inkişaf yoluna qədəm qoyuldu.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurla həyata keçirilən davamlı inkişaf strategiyasına uyğun olaraq kənd təsərrüfatı sahəsinin də inkişafında yeni mərhələ başladı. Dövlət başçısı tərəfindən qəbul edilmiş müvafiq qərarlara uyğun olaraq kənd təsərrüfatının inkişafı məqsədilə çoxşaxəli dövlət dəstəyi sistemi qurularaq, bu sahənin potensialının gücləndirilməsinə yönəldilən resursların həcmi daim artırıldı.
Son illər ərzində kənd təsərrüfatı məhsulları istehsalının artımı əksər sahələr üçün xarakterik olub, bitkiçilik sahəsi üzrə artımda həm intensiv, həm də ekstensiv amillər təmin edilib, heyvandarlıq sahəsində artım isə tədricən intensiv inkişafa əsaslanmağa başlayıb.
Kənd təsərrüfatının potensialının artırılması müxtəlif istiqamətlər üzrə həyata keçirilən genişmiqyaslı tədbirlər sistemi vasitəsilə reallaşdırılır.
Ölkədə meliorasiya-irriqasiya sisteminin yenidən qurulması və təkmilləşdirilməsi məqsədilə dövlət büdcəsi vəsaitləri hesabına həyata keçirilən böyük miqyaslı layihələr hesabına son 10 il ərzində 390 min hektardan çox sahədə torpaqların su təminatı yaxşılaşdırılıb, 188 min hektar sahə yeni suvarılan torpaqlar qrupuna əlavə edilib. Həmçinin suvarılan sahələrdə müvafiq dövlət dəstəyi hesabına tətbiq olunan müasir suvarma sistemlərinin payı artıq 5 faizdən çox olub.
Fermerlərin gübrə, pestisid və kənd təsərrüfatı texnikaları ilə təminatının yaxşılaşdırılması üçün göstərilən dövlət dəstəyi tədbirləri öz müsbət nəticələrini verməkdədir. Kənd təsərrüfatı üzrə texnika parkının genişləndirilməsi hesabına bu dövr ərzində bir traktora düşən əkin sahəsi 78 hektardan 45 hektara, bir taxılyığan kombayna düşən əkin sahəsi 578 hektardan 269 hektara, bir pambıqyığan kombayna düşən əkin sahəsi 713 hektardan 203 hektara düşüb. Bazarın nisbətən sabit olduğu 2012-2020-ci illər ərzində ölkəyə gübrə idxalının həcmi 4,3 dəfə, dünya gübrə bazarında qiymətlərin kəskin yüksəldiyi dövr də daxil olmaqla, 2012-2021-ci illər ərzində isə 1,3 dəfə artıb. Həmçinin 2019-cu ildən etibarən yerli sənaye müəssisəsi tərəfindən də daxili bazara azot tərkibli gübrə təklifi həyata keçirilir. 2012-2021-ci illər ərzində fermerlərin tələbatına uyğun olaraq ölkəyə pestisid idxalının həcmi isə 3 dəfə çoxalıb.
Ölkədə kənd təsərrüfatı sahəsində innovasiyaların tətbiqi ilə bağlı artıq çoxsaylı təcrübələr yaranıb. Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan elmi tədqiqat institutları tərəfindən təcrübə xarakterli, özəl şirkətlər tərəfindən isə kommersiya məqsədi ilə “ağıllı istixana” və “ağıllı bağ”lar qurulub, torpaq və su sensorları, “ağıllı” suvarma sistemləri, aqrodronlar, aqrorobotlar, “dəqiq” əkin texnologiyaları tətbiq olunub.
Aqrar sahədə göstərilən dövlət xidmətlərinin optimallaşdırılması, səmərəliliyinin və şəffaflığının artırılması, elektron xidmətlərə keçidin sürətləndirilməsi və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədi ilə institusional islahatlar həyata keçirilib. “Elektron kənd təsərrüfatı” informasiya sisteminin (EKTİS) tətbiq edilməsinə başlanılıb, artıq 2020-ci ildən başlayaraq bitkiçilik və heyvandarlıq sahəsində fermerlərə subsidiyaların alternativsiz olaraq EKTİS vasitəsilə verilməsi təmin edilib.
Aqrar sığorta sahəsində kompleks islahatlar aparılıb, yeni qanunvericilik bazası və dövlət-özəl tərəfdaşlığı mexanizminə əsaslanan idarəetmə sistemi yaradılıb. Yeni aqrar sığorta mexanizmi artıq 2020-ci ildən etibarən həm bitkiçilik, həm də heyvandarlıqda tətbiq edilir. Hazırda aqrar sığorta sisteminin tətbiqinin genişləndirilməsi istiqamətində tədbirlər ardıcıl olaraq həyata keçirilir və aqrar sığorta göstəriciləri hər il yüksəlir.
Kənd təsərrüfatı məhsulları istehsalçılarının dövlət qayğısı ilə əhatə olunması bütün əsas istiqamətlərdə irəliləyişlərə yol açıb. Son 10 il ərzində ölkədə real ifadədə kənd təsərrüfatı məhsulları istehsalı 46,8 faiz (o cümlədən bitkiçilik məhsulları istehsalı 53,0 faiz, heyvandarlıq məhsulları istehsalı 42,5 faiz) artıb. Bu dövr ərzində kənd təsərrüfatı və ərzaq məhsullarının ixrac həcmi təqribən 26,9 faiz artıb ki, bu da xüsusilə ilkin kənd təsərrüfatı məhsullarının ixrac həcminin bir neçə dəfə çoxalması hesabına olub.
Əsas ərzaq məhsulları üzrə yerli istehsal potensialının gücləndirilməsi hesabına özünütəminetmə səviyyəsi əksər məhsullar üzrə yaxşılaşıb. Hazırda özünütəminetmə səviyyəsi meyvə-tərəvəz, bostan məhsulları və yumurta üzrə 100 faiz, ət və süd məhsulları üzrə ümumən 85-86 faiz, kartof üzrə təqribən 90 faiz, buğda üzrə təqribən 60 faiz təşkil edir.
Təbii resursların məhdudluğu səbəbindən yerli fermerlər tərəfindən zəruri həcmdə və ya keyfiyyətdə, həmçinin sərfəli qiymət şərtlərinə uyğun səviyyədə istehsal oluna bilməyən ərzaq məhsullarının daha əlverişli şərtlərlə idxal olunaraq ehtiyatlarının yaradılması və emal olunması üçün müvafiq saxlama infrastrukturu və istehsal bazası yaradılıb. Belə ki, kənd təsərrüfatı məhsulları üzrə bazar infrastrukturunun təkmilləşdirilməsi məqsədilə son illər ərzində dövlət dəstəyi hesabına regionlarda 400 min ton tutumu olan soyuducu anbarların, 1,9 milyon ton tutumu olan müasir taxıl elevatorlarının və digər logistika obyektləri qurulub. Bu istiqamətdə görülən işlərin sayəsində torpaq resurslarının məhdudluğu və təbii-iqlim şərtlərinin əlverişli olmaması səbəbindən yerli fermerlər tərəfindən zəruri həcmdə istehsal oluna bilməyən buğda, şəkər və bitki yağları xammalı, yem xammalı və s. məhsullar daha əlverişli şərtlərlə idxal olunaraq ehtiyatlar yaradılır, emal olunur və hətta ixrac edilir.
Qeyd edək ki, bu ehtiyatların formalaşdırılması prosesi dövlət-özəl tərəfdaşlığı mexanizminə əsaslanmaqla, ərzaq sektorunda fəaliyyət göstərən sahibkarlara dövlət tərəfindən müvafiq dəstəyin verilməsi hesabına həyata keçirilir.
Bu kimi tədbirlərin nəticəsidir ki, son dövrlər qlobal ərzaq bazarında yaşanan böhranın hətta daha da dərinləşməsinə baxmayaraq, Azərbaycanın idxaldan asılı olduğu məhsullar üzrə təminatında heç bir problem yaranmadı. Eyni zamanda, qlobal ərzaq bazarında yaşanan böhran, o cümlədən ərzaq qiymətlərində baş verən bahalaşmanın mənfi təsirlərinin qismən də olsa kompensasiyası məqsədilə ölkəyə idxal olunan bir sıra ərzaq məhsullarının və xammalların gömrük rüsumlarından və ƏDV-dən azad olunması ilə bağlı əhəmiyyətli qərarlar qəbul edilib.
“Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 iyul tarixli Fərmanına əsasən mövcud potensial əsasında ölkənin ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi məqsədilə yeni dövlət dəstəyi mexanizminin yaradılmasına başlanılıb. Bu mexanizm müasir texnologiyaların, o cümlədən müasir suvarma texnologiyalarının tətbiqi genişləndirilməklə məhsuldarlığın yüksək səviyyədə artımı hesabına ərzaqlıq buğda istehsalının artırılmasını təmin edəcək.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən 30 il ərzində işğala məruz qalmış torpaqlarımızın azad olunması ölkəmizdə kənd təsərrüfatının inkişafı baxımından da yeni imkanlar yaradıb. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 aprel tarixli Fərmanının icrası çərçivəsində ərazilərin minalardan təmizlənməsi prosesinə paralel olaraq kənd təsərrüfatı əkinlərinin həyata keçirilməsi işləri aparılır. Ötən mövsümdə artıq 50 min hektardan artıq sahələr əkinə cəlb edilib. Həmçinin Kəlbəcər və Laçın rayonlarının yaylaqlarına pilot təcrübə kimi arı ailələri, qoyunçuluq təsərrüfatlarının köçürülməsi həyata keçirilib. Zəngilan rayonunda 5 hektar sahədə Azərbaycan-Türkiyə Qardaşlıq bağı salınıb, həmçinin Zəngilan rayonunun Ağalı kəndində “Dost Aqropark” fəaliyyətə başlayıb.
Bir sözlə, işğaldan azad olunmuş ərazilərdə ən müasir texnologiyalar tətbiq edilməklə bitkiçilik və heyvandarlıq sahələrinin inkişaf etdirilməsi, eləcə də həmin ərazilərin bərpası və yenidən qurulmasının yaşıl enerji zonası, “Ağıllı kənd” konsepsiyası əsasında həyata keçirilir.
Apardığımız hesablamalara əsasən, işğaldan azad edilmiş ərazilərdə mövcud resurslar tam dövriyyəyə cəlb edilməklə kənd təsərrüfatı məhsulları istehsalının bərpası hesabına ölkə üzrə ümumi kənd təsərrüfatı məhsulları istehsalı həcminin indikinə nəzərən təqribən 8 faizdən çox artacağı gözlənilir.
Azad olunmuş torpaqlarda kənd təsərrüfatının bərpası hesabına xüsusilə taxıl və yem bitkiləri və heyvandarlıq məhsulları istehsalında artım təmin ediləcək. Belə ki, bu ərazilər hesabına ümumi taxıl məhsulları istehsalının təqribən 400 min ton, ət istehsalının 45 min ton və süd istehsalının 240 min ton artırılması imkanları mövcuddur. Təbii-iqlim və relyef xüsusiyyətlərinə əsasən işğaldan azad olunmuş ərazilərdə ənənəvi hesab edilən heyvandarlıq və taxılçılıq sektorları ilə yanaşı bölgədə meyvəçilik və tərəvəzçiliyin inkişafı baxımından da geniş imkanlar mövcuddur.
Torpaqlarımızın işğaldan azad olunması ilə yanaşı, bu gün ölkənin kənd təsərrüfatı sektorunda yaradılmış potensial və müasir texnologiyaların tətbiqinin getdikcə genişləndirilməsi hesabına məhsuldarlıq göstəricisinin bütün alt-sahələr üzrə yüksəldilməsi hədəfi əsas vəzifədir.
Aydın məsələdir ki, hər bir ölkədə ərzaq təhlükəsizliyi bir nömrəli vəzifədir. Bu baxımdan ölkəmizin aqrar sektorunun qarşısında mühüm vəzifələr durur. Eyni zamanda, işğaldan azad olunmuş torpaqlarımızda da görüləsi çox işlər var. Kənd təsərrüfatı işçiləri bu vəzifələrin öhdəsindən gəlmək üçün bütün qüvvələrini səfərbər ediblər.
Göründüyü kimi, ölkəmizdə kənd təsərrüfatının davamlı inkişafı istiqamətində mühüm irəliləyiş əldə olunub. Qazanılan uğurlarda, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında kənd təsərrüfatı işçilərinin böyük əməyi var. Onların bu əməyinə verilən yüksək qiymətin təzahürü olaraq hər il noyabrın 1-i Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd edilir.
Əlamətdar gün münasibətilə kənd təsərrüfatı işçilərini təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq.