AZƏRBAYCANDA MİLLİ PROKURORLUĞUN YARADILMASININ 87-Cİ İLDÖNÜMÜ QEYD EDİLMİŞDİR
Mərasimdən əvvəl prokurorluğun şəxsi heyəti Fəxri xiyabana gedərək, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə əklil qoymuşlar.
Sonra prokurorluq işçiləri Şəhidlər xiyabanına gələrək, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş vətən övladlarının xatirəsini yad edərək, məzarları üzərinə gül düzmüş, “Əbədi məşəl” abidəsi önünə əklil qoymuşlar.
Respublika Prokurorluğunda keçirilən mərasimdə çıxış edən baş prokuror Zakir Qaralov prokurorluq orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edərək vurğuladı ki, bu sevinci bizə müstəqil dövlətimizin banisi Heydər Əliyev hər il oktyabr ayının 1-nin prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə 1998-ci il iyulun 17-də imzaladığı Sərəncamla bəxş etmişdir. O, Heydər Əliyev ideyalarının, onun müdrik dövlətçilik siyasətinin layiqli davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də prokurorluq orqanlarına hərtərəfli qayğı və diqqət göstərildiyini, mühüm dövlət təsisatlarından biri kimi, prokurorluğun normal fəaliyyəti üçün zəruri təminatlar yaradıldığını bildirdi, ölkəmizin başçısının prokurorluq işçilərinin maddi rifahının, sosial təminatının yaxşılaşması üçün son illər imzaladığı sənədləri, əməkdaşların bir qrupunun yüksək dövlət mükafatlarına və xüsusi ali rütbələrə layiq görüldüyünü diqqətə çarpdıraraq, bütün bunları prokurorluğa göstərilən etimadın və prokurorluq işçilərinin fəaliyyətinə verilən yüksək qiymətin təzahürü olduğunu söylədi.
Baş prokuror kollektiv adından Azərbaycan Prezidentinə minnətdarlığını bildirərək dedi ki, prokurorluq işçiləri onlara göstərilən etimadı doğrultmaq üçün səylərini əsirgəməyəcəklər.
Xüsusi vurğulandı ki, ulu öndərimiz Heydər Əliyev siyasi dühasının məhsulu olan və inkişaf tarixinin yeni yüksəliş mərhələsini yaşayan müstəqil respublikamızda dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi olaraq, ölkəmizin daha da qüdrətlənməsi, xalqımızın həyat səviyyəsinin yüksəlməsi, demokratik dəyərlərin hərtərəfli bərqərar olması ilə nəticələnən uğurlu nailiyyətlər əldə edilmiş, möhtəşəm iqtisadi layihələr və regional inkişaf proqramları reallaşdırılmışdır.
Qeyd edildi ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin respublika prokurorluğu orqanlarının rəhbər işçiləri ilə 2000-ci il aprelin 26-da keçirdiyi tarixi əhəmiyyətli görüşdən sonra həyata keçirilən hərtərəfli islahat tədbirləri və yenidənqurma işlərinin nəticəsidir ki, bu gün Azərbaycan Prokurorluğu normal fəaliyyəti üçün mütərəqqi normativ hüquqi bazaya, demokratik məzmunlu fəaliyyət prinsiplərinə və iş metodlarına malik sivil dövlət təsisatına çevrilmiş, qurumun sıralarının saflaşdırılması, işdə olan mənfi təzahürlərin və çatışmazlıqların aradan qaldırılması, müasir tələblər səviyyəsində işləməyə qadir kadr korpusunun formalaşdırılması istiqamətində qətiyyətli tədbirlərin həyata keçirilməsi təmin edilmişdir.
Mərasimdə xüsusi vurğulandı ki, respublikamızda bərqərar olmuş demokratik şəraitin verdiyi imkanlardan sui-istifadə etməklə ictimai-siyasi sabitliyi pozmağa cəhdlər göstərən və qeyri-konstitusion yolla hakimiyyətə gəlmək planlarını reallaşdırmaq istəyən dağıdıcı müxalifət qüvvələrinin pozuculuq fəaliyyətinə qarşı zəruri tədbirlərin görülməsi prokurorluğun qarşısında duran mühüm vəzifələrdəndir. Dağıdıcı müxalifət qüvvələri birmənalı şəkildə başa düşməlidirlər ki, respublikanın hüquq mühafizə orqanları ictimai-siyasi sabitliyi pozmağa, legitim hakimiyyətə qarşı yönəlmiş bütün cinayətkar qəsdlərin qarşısını qətiyyətlə alacaqdır.
Ölkəmizin dinamik və yüksələn xətlə gedən sosial-iqtisadi inkişafını və demokratiyanın möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü siyasi tədbirləri qətiyyətlə dəstəkləyən Azərbaycanın prokurorluq orqanları da, digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə, bu quruculuq işlərinin əsas təminatlarından biri olan ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, dövlət müstəqilliyimizin, demokratik hüquq və azadlıqların etibarlı müdafiəsi, işin səmərəliliyi və keyfiyyətinin daha da artırılması üçün bundan sonra da bütün mümkün tədbirləri görəcəkdir.
Çıxışda belə bir inam ifadə olundu ki, prokurorluq orqanları xalq və dövlət qarşısında öz məsuliyyətini dərindən dərk etməklə, fəaliyyətinin bu quruma göstərilən etimada layiq səviyyədə qurulması üçün zəruri tədbirlərin görülməsini təmin edəcək, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızın demokratik dəyərlər əsasında dinamik inkişafına yönəldilmiş tədbirlərin həyata keçirilməsində öz xidmətlərini göstərəcəkdir.
Yığıncaqda Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.