AZƏRBAYCANDA UŞAQ HÜQUQLARI ETİBARLI TƏMİN OLUNUR
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nazir, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ölkəmizdə fəaliyyət müddəti başa çatan YUNİSEF-in Azərbaycandakı nümayəndəsi xanım Hana Singer ilə görüşmüşdür.
Respublikamızda insan haqlarının, o cümlədən uşaq hüquqlarının etibarlı təmin olunması üzrə məqsədyönlü tədbirlərin aparıldığını və bu işdə BMT-nin Uşaq Fondu - YUNİSEF-lə səmərəli əməkdaşlığı qeyd edən nazir Azərbaycanda məhkəmə sisteminin müasirləşdirilməsi, yuvenal ədliyyənin təşəkkülü və inkişafına xüsusi diqqət yetirildiyini söyləmiş, bununla bağlı həyata keçirilən layihələrdə xanım H.Singerin xidmətlərini vurğulayaraq təşəkkürünü bildirmişdir.
Azərbaycanla mehriban tərəfdaşlıq münasibətləri şəraitində səmərəli əməkdaşlıq etdiyini bildirən H.Singer uşaq hüquqlarının təşviqi üzrə ölkəmizin bir çox dövlətləri qabaqladığını, onun bu sahədəki təcrübəsinin region üçün nümunə olduğunu qeyd etmişdir.
Qonaq Ədliyyə Nazirliyi ilə qarşılıqlı işgüzar əlaqələri və qurumun onun fəaliyyətinə verdiyi dəstəyi yüksək qiymətləndirmiş, ölkəmizdən ən xoş təəssüratlarla ayrıldığını bildirmişdir.