MƏDƏNİYYƏT
Azərbaycanı Polşada qonaq etmək üçün “Eurovision-2015” mahnı müsabiqəsində qələbə qazanmaq istərdim VİDEO
Bakı, 19 may AZƏRTAC
Azərbaycanı Polşada qonaq etmək üçün “Eurovision-2015” mahnı müsabiqəsində qələbə qazanmaq istərdim.
Bu sözləri Polşa təmsilçisi Monika Kuşinskaya AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib.
Əsas məqsədinin sevgi hisslərinin insanlara musiqinin dili ilə çatdırmaqdan ibarət olduğunu söyləyən Polşa təmsilçisi tamaşaçıların onun çıxışını bəyənəcəyinə və ifasına səs verəcəyinə ümid etdiyini bildirib. O deyib: “Şübhəsiz ki, məqsədimiz qalib olmaqdır. Məsələnin siyasi cəhəti də mənim üçün vacibdir. Hazırda Azərbaycan Polşa üçün dost ölkədir. Şəxsən mən qələbə qazanmağa layiq, istedadlı gənc müğənni Elnur Hüseynovu çox bəyənirəm. Polşa Azərbaycanı yekdilliklə dəstəkləyəcək və müsabiqəni televiziya vasitəsilə izləyərək əsas səsini Azərbaycana göndərəcək. Polşadan olan jurnalistlər artıq bütün səslərini Elnura veriblər. Azərbaycan bu il birinci Avropa Oyunlarına ev sahibliyi edəcək. Bu, Avropa ölkələrində artıq bayram-əhval ruhiyyəsi yaradıb. Polşa böyük heyətlə “Bakı-2015”də layiqincə təmsil olunacaq”.
1992-ci ildən etibarən professional səhnədə çıxış edən Monika Kuşinskaya Böyük Britaniya, Avstraliya və digər ölkələrin böyük teatr salonlarında tanınmış ifaçılarla konsert proqramlarında iştirak edib.
Anar Rzayev
AZƏRTAC-ın müxbiri
Vyana