AZƏRBAYCANI YAXŞI PERSPEKTİVLƏR GÖZLƏYİR
AZƏRTAC-ın xüsusi müxbiri Moskvadan xəbər verir ki, bp şirkətlər qrupunun vitse-prezidenti və baş iqtisadçısı, professor Piter Deyvis iyulun 8-də Rusiya paytaxtında keçirilən mətbuat konfransında demişdir: “Azərbaycan yaxın 4-5 ildə neft istehsalı sahəsində sürətlə yüksələn və inkişaf edən ölkələrdən birinə çevriləcəkdir”. Dünya energetikasına dair statistikaya, habelə dünya enerjidaşıyıcıları bazarlarında baş verən hadisələrə və meyllərə, o cümlədən tələbat, istehlak, enerjidaşıyıcıları ticarəti və qiymətqoyma meyllərinə bp şirkətlər qrupunun münasibətinə həsr edilmiş mətbuat konfransında Piter Deyvis Xəzər dənizi enerjidaşıyıcılarının nəqli məsələsinə xüsusi diqqət yetirmişdir. Onun fikrincə, başlıcası budur ki, Xəzər dənizində böyük neft ehtiyatları aşkara çıxarılmış, lakin onlar axıradək işlənilməmişdir. Beynəlxalq sərmayəçilər Azərbaycana və Qazaxıstana istər tədqiqat-kəşfiyyat işləri aparılmasında, istərsə də işlərin maliyyələşdirilməsi, təşkili və layihələrin həyata keçirilməsi məsələlərində kömək edirlər. Piter Deyvis Bakı-Tbilisi-Ceyhan neft kəmərinin perspektivləri barədə AZƏRTAC-ın müxbirinin sualına cavab verərək demişdir ki, bu layihənin böyük gələcəyi var və o, Azərbaycana böyük fayda gətirəcəkdir. Onun sözlərinə görə, hər şey plan üzrə getsə, bu neft kəmərinin tikintisini başa çatdırmağa 15 ay vaxt lazım gələcəkdir. O vurğulamışdır: “Bakı-Tbilisi-Ceyhan neft kəmərinin fəaliyyəti sayəsində Azərbaycan sürətlə inkişaf edəcək və onun mənfəət üçün çox yaxşı perspektivləri olacaqdır”.