AZƏRBAYCANIN 1:1000 000 MİQYASINDA XƏRİTƏLƏR ATLASI HAZIRLANMIŞDIR
ATLAS 20 MİN ABŞ DOLLARINA SATILIR
Atlasın tərtibində Geologiya İnstitutu ilə birgə Coğrafiya İnstitutunun, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Neft Şirkətinin, Elmi Tədqiqat Geofizika İnstitutunun, Bakı Dövlət Universitetinin alimləri və mütəxəssisləri yaxından iştirak etmişlər. Geologiya İnstitutunun daxili imkanları hesabına hazırlanmış atlas 44 rəngli xəritədən ibarətdir və 1:1000 000 miqyasındadır. Ölçüsü isə 70x50 santimetrdir. Atlas 20 min ABŞ dollarına satılır.
Xatırladaq ki, Geologiya İnstitutu Mərkəzi Avrasiyanın xəritələr atlasının hazırlanmasına dair həyata keçirilən və 12 ölkənin iştirak etdiyi beynəlxalq layihədə ölkəmizi təmsil edir. Qazaxıstanın həyata keçirdiyi həmin layihə ilə əlaqədar olaraq Azərbaycanın xəritələr atlasının faydalı qazıntılara dair hissəsi bu ilin sonunadək Almatıya göndəriləcəkdir.