Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim Pensilvaniya ştatında olub
Vaşinqton, 1 iyun, AZƏRTAC
Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfiri Xəzər İbrahim ABŞ-ın Pensilvaniya ştatında olub. O, səfər çərçivəsində ştatının neftlə zəngin Venanqo bölgəsində “Drake Well” muzeyini ziyarət edib. Muzeyin kuratoru Sui Bites X.İbrahimə muzeylə bağlı ətraflı məlumat verib. Daha sonra səfir muzeyin qarşısında Azərbaycanla bağlı təqdimat edib. Təqdimat zamanı yerli icma nümayəndələri ilə yanaşı, Oil City şəhərinin meri Bill Mun, Titusvil şəhərinin meri Con Krouç, Venanqo bölgəsinin komissarları Səm Briin və Mayk Dulani, o cümlədən ABŞ Konqresmeni Qlen Tompsonun ofisinin nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın ABŞ-dakı səfiri təqdimat zamanı Pensilvaniyanın neftlə zəngin bölgəsinə gəlməkdən məmnunluq duyduğunu ifadə edib və ölkəmizin neft tarixi və sənayesi barədə məlumat verib. O, Azərbaycanda ilk neftin, hətta ABŞ-ın Titusvil ərazisindəki Dreyk bölgəsindən 13 il əvvəl, 1846-cı ildə çıxarıldığını xüsusi qeyd edib. Diplomat ölkəmizdə neft resurslarından iqtisadiyyatın diversifikasiyası üçün istifadə olunduğunu, “qara qızıl”ın insan kapitalına çevrilməsinə” xüsusi diqqət yetirildiyini bildirib.
Xəzər İbrahim səfər çərçivəsində Oil City şəhərinin ali məktəb tələbələrinin iştirak etdiyi görüşdə onların çoxsaylı suallarını cavablandırıb.
Daha sonra Oil City şəhərində ABŞ-ın neft tarixində xüsusi əhəmiyyət kəsb edən “Transit” və “Mellon Bank” binalarına baxış keçirilib, yerli tarixçilər onlar barəsində ətraflı məlumat verib.
Sonda diplomat mətbuat nümayəndələri üçün brifinq keçirib və bununla bağlı ABŞ mətbuatında çoxsaylı məqalələr dərc edilib.
AZƏRTAC-ın Vaşinqton bürosu