CƏMİYYƏT
Azərbaycanın “ASAN xidmət” modeli bir sıra ölkələr üçün nümunədir
![Azərbaycanın “ASAN xidmət” modeli bir sıra ölkələr üçün nümunədir](/files/2023/3/1200x630/16981604864869610210_1200x630.png)
Tbilisi, 24 oktyabr, AZƏRTAC
“Azərbaycan ilə çox sıx əlaqələrimiz var. Azərbaycanın miqrasiya sahəsində həyata keçirdiyi layihələr, xüsusən də elektron viza sisteminin, miqrasiya proseslərinin həllində rəqəmsal texnologiyaların tətbiqi olduqca təqdirəlayiqdir”.
Bu sözləri AZƏRTAC-a müsahibəsində miqrasiya məsələləri üzrə Praqa prosesinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə regional rəhbəri Radim Zak söyləyib.
Onun sözlərinə görə, Avropa İttifaqı Azərbaycana bu sahədə bir neçə layihəyə dəstək verir. Hesab edirəm ki, bununla da biz miqrasiya sahəsində inkişafa, eləcə də xarici təcrübənin qazanılmasına öz töhfəmizi vermiş oluruq.
Azərbaycan nümayəndə heyətinin Tbilisidə Praqa prosesi çərçivəsində miqrasiya proseslərinin elektron idarə olunması və bu sahədə müasir texnologiyanın tətbiqi mövzusunda keçirilən konfransdakı çıxışına münasibət bildirən R.Zak deyib: “Azərbaycan nümayəndə heyətinin üzvlərinin konfransda səsləndirdiyi məsələləri diqqətlə dinlədik. Tədbir iştirakçıları azərbaycanlı həmkarlarımızın fikirlərini dəstəkləyiblər.
“Biz Azərbaycanda "ASAN xidmət" modeli ilə çox yaxından tanışıq. Bu sistem viza və digər sənədlərin elektronlaşması, icazələrin alınması məsələlərində insanların işini asanlaşdırır. Hesab edirəm ki, Azərbaycanın “ASAN xidmət” modeli bir sıra ölkələr üçün də nümunədir. Bir çox ölkələr bu təcrübədən faydalana bilərlər”.
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi