Azərbaycanın Çexiyadakı səfiri beynəlxalq konfransda çıxış edib
Praqa, 2 iyun, AZƏRTAC
Çexiyanın Sənaye və Ticarət Nazirliyində “Şərq Tərəfdaşlığının (ŞT) iqtisadi və ticarət ölçüləri” adlı beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransın məqsədi Çexiya ixracatçılarını Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı proqramı ilə tanış etmək və bunun biznesə real təsirləri barədə məlumatlandırmaq olub. Çexiyanın sənaye və ticarət naziri Tomaş Hüner və Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrinin Praqada akkreditə olunmuş səfirləri konfransın açılışında nitqlər söyləyib, ŞT-nin əhəmiyyəti və əməkdaşlıq perspektivləri barədə fikirlərini bildiriblər.
Səfir Fərid Şəfiyev çıxış edərək, Azərbaycan-Avropa İttifaqı arasında əlaqələrin cari durumu və perspektivlərindən, enerji sahəsində əməkdaşlıqdan danışıb. Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığın iqtisadi və ticarət ölçülərini qeyd edən səfir ŞT ölkələrində münaqişə ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətin qəbuledilməz olduğunu vurğulayıb və bunun beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də Aİ-nin qlobal strategiyasına zidd olduğunu bildirib.
Tədbirin ikinci hissəsində ŞT ölkələrində uğurla fəaliyyət göstərən Çex şirkətlərinin nümayəndələri təqdimat edərək, biznes təcrübələrini bölüşüblər. Azərbaycana aid hissədə biznes uğurları haqqında “EGT Logistics Solution” şirkəti və Çexiyada təsis edilən Azərbaycan-Avropa Ticarət Palatasının prezidenti David Şnasel məlumat verib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa