Azərbaycanın Çexiyadakı səfirliyində İƏT-in Praqa Qrupunun görüşü olub
Praqa, 23 noyabr, AZƏRTAC
Noyabrın 23-də Azərbaycanın Çexiyadakı səfirliyində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Çexiyada akkreditə olunmuş səfirlərini özündə birləşdirən Praqa Qrupunun (PQ) görüşü keçirilib.
Görüşdə Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev və İƏT PQ ölkələrinin səfirləri ilə yanaşı, xüsusi qonaq qismində Çexiyanın sənaye və ticarət naziri Yan Mladek iştirak edib.
Fərid Şəfiyev İƏT PQ-nin gündəliyində olan cari məsələlər haqqında məlumat verib. O, İƏT ölkələrinin Çexiya ilə birgə əməkdaşlığının əhəmiyyətinə toxunub, habelə təşkilata üzv dövlətlərin səfirlərini narahat edən məsələlər barədə danışıb. Səfir xüsusilə Avropa İttifaqı və Çexiyada son zamanlar artmaqda olan dözümsüzlük və ksenofobiya hallarının vaxtında qarşısının alınmasının önəmini vurğulayıb.
Nazir Yan Mladek İƏT PQ-nin görüşünü təşkil etdiyinə görə Azərbaycan səfirinə təşəkkürünü bildirib və Çexiyanın İƏT ölkələri ilə əməkdaşlığı haqqında söhbət açıb. O, Çexiya-Azərbaycan ikitərəfli münasibətlərinə toxunub və ölkəmizin etibarlı tərəfdaş qismində rolunu yüksək qiymətləndirib. Yan Mladek Çexiyanın enerji tələbatının ödənilməsində Azərbaycan neftinin əvəzedilməz roluna toxunub, ölkələrimiz arasında siyasi və iqtisadi münasibətlərin cari inkişaf səviyyəsindən məmnunluğunu ifadə edib.
Görüşdə, həmçinin Çexiyada İslam ölkələrinin mədəniyyəti və incəsənətini tərənnüm edən tədbirlərin keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin 2016-cı il ərzində Asiya, Afrika və Yaxın Şərqdə yerləşən İslam ölkələrinin mədəniyyətinə həsr olunacaq “Mədəni müxtəliflik” mövzusunda Praqada incəsənət sərgisinin keçirilməsi məsələsi müzakirə olunub.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa