Azərbaycanın Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır
Sabirabad, 19 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
Sabirabad rayon Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü və 2023-cü il antiterror əməliyyatlarının ikinci ildönümünə həsr olunan ümumrayon tədbiri keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsini anıb, Dövlət Himni səsləndirilib. Çıxış edənlər bildiriblər ki, Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq, 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın edib və tarixi Zəfər qazanıb. Azərbaycan öz torpaqlarını 30 illik işğaldan azad edərək ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail olub.
2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlayıb. Cəmi 23 saat davam edən əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirib. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilib. Şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.
Natiqlər bu əlamətdar gününün dövlətçilik tariximizdə xüsusi önəm daşıdığını qeyd edərək, ərazi bütövlüyünü tam bərpa edən Azərbaycanın hazırda müstəqilliyinin ən gözəl günlərini yaşadığını diqqətə çatdırıblar.