AZƏRBAYCANIN DTT-YƏ ÜZV OLMASI PROSESİNDƏ AFR-İN DƏSTƏYİNƏ DAİR LAYİHƏ TƏQDİM EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, martın 27-də Bakı Biznes Mərkəzində Almaniya Federativ Respublikasının (AFR) Qida, Kənd Təsərrüfatı və İstehlakçıların Hüquqlarının Qorunması Federal Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə ölkəmizin Dünya Ticarət Təşkilatına (DTT) üzv olması prosesinin bir hissəsi kimi Azərbaycanın Sanitar və Fitosanitar Tədbirlər Sisteminin DTT-nin 1994-cü il 15 aprel tarixli müvafiq sazişinin tələblərinə cavab verməsinə nail olmaq məqsədi ilə onun təkmilləşdirilməsinə yönəlmiş texniki yardım layihəsinin başlanmasına həsr olunmuş görüş keçirilmişdir.
Kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev qeyd etmişdir ki, AFR-lə əməkdaşlıq ölkəmizin xarici siyasət kursunda mühüm yer tutur. Bu əməkdaşlıq getdikcə ictimai-siyasi, iqtisadi və sosial sahələri əhatə edir.
Nazir müavini Almaniya Texniki Əməkdaşlıq Təşkilatının (GTZ) təşəbbüsü ilə 1997-2005-ci illərdə respublikamızda həyata keçirilmiş layihələrdən söz açmış, aqrar islahatların aparılmasında onların rolundan danışmışdır. O xatırlatmışdır ki, bu il yanvarın 19-da hər iki nazirlik arasında yuxarıda qeyd edilən dəstək barədə birgə bəyanat imzalanmışdır. Sənədi kənd təsərrüfatı naziri İsmət Abasov və Almaniyanın müvafiq nazirliyi yanında Dövlət katibi Gert Lindemann imzalamışlar.
Natiq məlumat vermişdir ki, DTT üzvü olan dövlətlərlə ikitərəfli və çoxtərəfli danışıqlar aparılır. Üzvolma prosesinin təkmilləşdirilməsi, bu təşkilata əlverişli şərtlərlə daxil olmaq üçün ölkəmizin mənafeyinin qorunması və gələcəkdə üzvlük çərçivəsində fəaliyyətin səmərəliliyinin təmin edilməsi məqsədi ilə Azərbaycan Prezidentinin 2006-cı il 2 avqust tarixli Sərəncamı ilə müvafiq tədbirlər planı təsdiq edilmişdir.
Bəhram Əliyev əmin olduğunu bildirmişdir ki, imzalanmış bəyanat çərçivəsində nəzərdə tutulan layihə uğurla həyata keçiriləcəkdir.
Layihənin Almaniya tərəfindən rəhbəri Rudiger Ohst sənəd barədə ətraflı məlumat vermiş və bildirmişdir ki, layihə çərçivəsində milli notifikasiya və sorğu mərkəzi yaradılacaq, bu mərkəzin fəaliyyətini təmin etmək, habelə bitki, heyvan sağlamlığı üzrə Kənd Təsərrüfatı Nazirliyinin kadrları üçün praktiki təlimlər keçiriləcəkdir. Layihə rəhbəri qeyd etmişdir ki, təlimlər başa çatdıqdan sonra Kənd Təsərrüfatı Nazirliyinin bitki və heyvan sağlamlığı, Səhiyyə Nazirliyinin qida məhsulları təhlükəsizliyi üzrə mütəxəssisləri Azərbaycan qanunvericiliyinin DTT-nin adı çəkilən sazişinin tələblərinə uyğunlaşdırılmasına öz töhfələrini verəcəklər.
Hüquqşünas Lorens Frankenin “DTT-nin hüquqi normalarının əsas tələbləri” mövzusunda məruzəsi də maraqla dinlənilmişdir.
Sonra görüş iştirakçılarının suallarına cavab verilmişdir.