AZƏRBAYCANIN İNDONEZİYADAKI SƏFİRİ “JAKARTA POST” QƏZETİNƏ MÜSAHİBƏ VERMİŞDİR
Səfirlə söhbətə başlamazdan əvvəl oxuculara “Sizcə, 2006-cı ildə iqtisadi cəhətdən ən çox inkişaf edən hansı ölkə olacaqdır“, sualı ünvanlanır və elə buradaca qeyd edilir ki, “Çoxları, yəqin, iqtisadi artım rəqəmlərinə əsaslanıb Çinin və ya Hindistanın adını çəkəcəklər. Bu cavabların heç biri düz deyil. Həmin ölkə Azərbaycandır. Şərqi Avropada böyük neft ehtiyatlarına malik kiçik ölkə. Azərbaycan 2006-cı ildə ümumi daxili məhsulun səviyyəsini 38,3 faizə qaldırmağı planlaşdırır. Neft və qaz da daxil olmaqla külli miqdarda təbii ehtiyatlarına baxmayaraq, İndoneziya Asiyada maliyyə böhranının baş verdiyi 1997-ci ildən başlayaraq öz iqtisadiyyatının yüksəliş səviyyəsini 6 faizə çatdırmağa çalışır. Ötən həftə Beynəlxalq Valyuta Fondu bu il İndoneziyada iqtisadi artımın 5,2 faiz olacağını bəyan etmişdir. Hansısa ölkə cəmi bir il ərzində iqtisadiyyatın belə yüksəlişinə nail ola bilərmi?”
Azərbaycanın İndoneziyaya yeni təyin olunmuş səfiri İbrahim Hacıyev “Jakarta Post”un jurnalistlərinin bu sualına inamla cavab verir: “Bəli, bu, mümkündür. Azərbaycan dünyada iqtisadi cəhətdən ən sürətli inkişaf edən ölkələrdən biridir. Hökumətimiz və Beynəlxalq Valyuta Fondu bu il ümumi daxili məhsulun artım səviyyəsinin 38,3 faiz olacağını proqnozlaşdırırlar”.
Diplomat daha sonra iqtisadi artımın belə yüksək səviyyəsinin Azərbaycan üçün yenilik olmadığını vurğulayıb, əvvəlki iki ilin göstəricilərini misal çəkir, son üç il ərzində iqtisadiyyatın artım sürəti sayəsində ölkəmizdə adambaşına düşən ümumi daxili məhsulun çoxaldığını sübut edir. O, sonrakı illərdə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsi sayəsində həmin göstəricilərin, o cümlədən əhalinin real gəlirlərinin daha da yüksələcəyini diqqətə çatdırır. Səfir ölkənin neft bölməsinə xarici şirkətlərin külli miqdarda sərmayə qoyduğunu xatırladaraq, Amerika və Avropa şirkətlərinin bu bölməyə 60 milyard dollar vəsait qoymağı vəd etdiklərini, nəticədə neft ixracının artacağını bildirir. Bu zaman o, fikirlərini statistika rəqəmləri ilə əsaslandırır.
İbrahim Hacıyev XX əsrin 90-cı illərində Azərbaycanın məruz qaldığı böhrandan, vəziyyətin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar daha da kəskinləşdiyindən söz açmış, qeyd etmişdir ki, münaqişə nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal edilmiş, ölkə əhalisinin bir milyon nəfəri məcburi köçkün vəziyyətinə düşmüşdür.
Səfir respublikamızın idxal və ixrac məhsulları haqqında məlumat vermiş, Yer kürəsində ən çox müsəlman əhaliyə malik İndoneziya ilə iqtisadi əlaqələrin möhkəmlənməsində maraqlı olduğunu qeyd etmişdir. Diplomat demişdir ki, burada səfirliyimizin açılması (2005-ci ilin dekabrı) bu istiqamətdə ilk addımdır. Biz Azərbaycan və İndoneziya arasında daha böyük iqtisadi əməkdaşlıq arzulayırıq. Məsələn, biz neft və qaz bölməsində böyük təcrübəyə malikik, neft, qaz, sahəsində saysız-hesabsız ekspertlərimiz, habelə texnologiyamız var. İndoneziyanın toxuculuq məmulatlarına, geyim əşyalarına və neft məhsullarına ehtiyac duyuruq.
Material bu cümlə ilə bitir: “Bütün bunlar o deməkdir ki, Azərbaycanın inkişafda olan iqtisadiyyatı İndoneziya sahibkarları üçün yaxşı imkanlar aça bilər”.