Azərbaycanın İordaniyadakı səfirliyində 28 May – Respublika Günü münasibətilə tədbir keçirilib
Bakı, 16 may, AZƏRTAC
Azərbaycanın İordaniyadakı səfirliyi 28 May - Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibətilə rəsmi qəbul təşkil edib.
AZƏRTAC ölkəmizin İordaniyadakı səfirliyinə istinadla xəbər verir ki, paytaxt Əmmanın məşhur “Le Royal” mehmanxanasında baş tutmuş tədbirdə İordaniya Senatının üzvləri Munir Sobar və xanım Hikmət Tiğrit, İordaniya Parlamentinin hər iki palatasında fəaliyyət göstərən İordaniya-Azərbaycan Qardaşlıq Komitələrinin sədrləri və üzvləri, İordaniya Xarici İşlər və diaspora İşləri Nazirliyinin Protokol İdarəsinin rəisi S.Ğoşeh, eləcə də nazirliyin və digər dövlət qurumlarının məsul işçiləri, İordaniyanın sabiq Baş naziri Abdul Salam əl-Majali, İordaniya Senatının sabiq sədri Taher Masri, sabiq hökumət üzvləri, Krallığın rəsmi və işgüzar dairələrinin, ölkədə akkreditə edilmiş diplomatik missiyaların rəhbərləri və üzvləri, Azərbaycan icmasının, yerli kütləvi informasiya vasitələrinin, İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə heyətinin üzvləri, tanınmış ziyalılar, Böyük Əmman Bələdiyyəsinin nümayəndələri, Silahlı qüvvələrin və İctimai Təhlükəsizlik Departamentinin rəsmiləri iştirak etmişlər.
Bir sıra rəsmi və ictimai dairələr, diplomatik korpusun üzvləri və yerli şirkətlərin rəhbərləri tədbirə çiçək çələngləri göndərərək ölkəmizə münasibətdə öz ehtiramlarını bildirmişlər.
Azərbaycan və İordaniyanın himnləri səsləndikdən sonra ölkəmizin səfiri Rasim Rzayev çıxış edərək gələn qonaqları salamlayıb. Diplomat bu il Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100, Azərbaycanla İordaniya arasında diplomatik əlaqələrin yaradılmasının isə 25 illiyi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Səfir R.Rzayev çıxışında Azərbaycanın yaxın tarixi keçmişi və müstəqillik dövrünün reallıqları haqqında danışıb, dövlət müstəqilliyimizin bərpasından ötən illər ərzində həyata keçirilmiş düzgün və mütərəqqi siyasət nəticəsində əldə edilmiş nailiyyətlər barədə tədbir iştirakçılarına geniş məlumat verib.
Azərbaycan-İordaniya əlaqələrinin inkişaf səviyyəsindən məmnunluğunu ifadə edən səfir R.Rzayev iki ölkə arasında müxtəlif sahələri əhatə edən 40-dək sazişin imzalandığını qeyd etmişdir. R.Rzayev ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin və parlamentlərarası əməkdaşlığın xüsusi rol oynadığını vurğulayıb.
Daha sonra R.Rzayev Əmmanda yerləşən Heydər Əliyev prospektində eyni adlı meydanın və fəvvarənin açılışında göstərdikləri dəstək və əməkdaşlığa görə Böyük Əmman Bələdiyyəsinə təşəkkürünü bildirib. Rəsmi qəbulun sonunda səfir R.Rzayev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli naminə göstərdikləri səy və dəstəyə görə İordaniya rəhbərliyinə minnətdarlığını ifadə edib.
Mərasim çıxışlardan sonra mədəni proqramla davam edib. Respublikamızın sosial-iqtisadi inkişafına dair filmlər və video çarxlar nümayiş etdirilib. Tədbir zamanı Azərbaycanın xalq, klassik və estrada musiqisi, habelə görkəmli bəstəkarlarımızın simfonik muğamları səsləndirilib, qonaqlara milli xörəklər təklif edilib.