Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırma siyasəti mövzusunda beynəlxalq konfrans keçiriləcək
Daşkənd, 4 sentyabr, АZƏRTAC
Özbəkistanın paytaxtı Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi çərçivəsində “Ermənistanın Azərbaycan torpaqlarının işğal etməsi, məskunlaşdırma siyasəti, məhv edilən maddi-mədəniyyət nümunələri” adlı beynəlxalq onlayn konfrans keçiriləcək.
AZƏRTAC xəbər verir ki, konfrans Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin dəstəyi ilə təşkil olunacaq.
Konfransın əsas məqsədi Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, bu ərazilərdə həyata keçirilən etnik təmizləmə və məskunlaşdırma siyasəti, habelə müsəlman, türk mədəni irsinin dağıdılması, saxtalaşdırma siyasətinə dair həqiqətlər barədə dünya ictimaiyyətini məlumatlandırmaqdır.
Tədbirdə Azərbaycan torpaqlarının Ermənistan tərəfdən işğalı, onun ağır nəticələri, dağıdılmış milli-mədəni sərvətlər, etnik təmizləmə siyasəti, müxtəlif ölkələrdən etnik ermənilərin gətirilərək işğal olunmuş torpaqlarda məskunlaşdırılması, həmçinin Türk Şurası çərçivəsində əməkdaşlıq, Dağlıq Qarabağ münaqişəsinin işıqlandırılması və münaqişəyə dair məlumatların yayılması məsələlərinə dair müzakirələr aparılacaq.
Konfrans çərçivəsində, həmçinin Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın özbəkcə nəşr olunmuş “İtı̇rdı̇yı̇m xoşbəxtlı̇k” (“Qarabağ hekayələri” silsiləsindən) kitabının təqdimatı keçiriləcək.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd