Azərbaycanın İtaliyadakı səfiri Avropanın nüfuzlu mətbuat orqanına müsahibə verib
Roma, 13 aprel, AZƏRTAC
Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə İtaliyanın məşhur “Corriere della Sera” qəzetinə bağlı Avropanın nüfuzlu “Euractiv” portalının italyan redaksiyasına geniş müsahibə verib.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan və İtaliya arasında fundamental tərəfdaşlıq mövcuddur” başlığı ilə dərc olunmuş müsahibədə Azərbaycan səfiri italyan tədqiqatçı Daniel Pommier Vinçellinin İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionun aprelin 1-2-də ölkəmizə səfərinin yekunları, həmin səfərin Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlığının gücləndirilməsinə verdiyi töhfələr, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı, habelə regional məsələlərə dair suallarını cavablandırıb.
Səfir italiyalı nazir Luici Di Maionun Azərbaycana səfərinin Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ərəfəsində həyata keçirildiyini, səfərin məqsədinin 2020-ci ilin fevralında Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası və İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə”dən irəli gələrək iki ölkə arasında münasibətlərin dərinləşdirilməsi olduğunu bildirib. Diplomat səfərin ən mühüm məqamı olaraq İtaliya nazirinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edildiyini deyib. Səfər çərçivəsində digər görüşlər haqqında məlumat verən səfir, o cümlədən hər iki ölkənin xarici işlər nazirlərinin rəhbərliyi ilə “Azərbaycan Respublikası və İtaliya Respublikası arasında Strateji Dialoq”un birinci iclasının keçirildiyini və iclasın sonunda müvafiq Protokolun imzalandığını qeyd edib. Strateji Dialoqun əhəmiyyətindən danışan diplomat bunun Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamədən irəli gələrək və həmin Birgə Bəyannamədə təsbit olunmuş məsələlərin yerinə yetirilməsi üçün yaradılmış, eləcə də iki ölkə arasında yeni və mühüm məsləhətləşmələr mexanizmi olduğunu bildirib.
M.Əhmədzadə səfər çərçivəsində ADA Universitetinin kampusunda İtaliya-Azərbaycan Universitetinin təməlqoymə mərasiminin və ADA Universitetində Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə “Azərbaycan-İtaliya: çoxölçülü strateji tərəfdaşlığa aparan yol” adlı konfransın keçirildiyini və səfərin nəticə etibarilə Azərbaycan və İtaliya arasında unikal tərəfdaşlığın mövcud olduğunu bir daha nümayiş etdirdiyini deyib.
Səfir müsahibəsində Azərbaycan-İtaliya strateji tərəfdaşlığının gücləndirilməsində son illərdə dövlət başçılarının dövlət səfərlərinin, 2014-cü ildə qəbul olunmuş Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamənin və 2020-ci ildə imzalanmış Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamənin əhəmiyyətini vurğulayıb. M.Əhmədzadə iqtisadi əməkdaşlığın önəmindən bəhs edərək, xüsusilə də iqtisadiyyat, o cümlədən ticarət və enerji sahələrində əldə edilmiş yüksək nəticələrdən danışıb. İki ölkə arasında əlaqələrdə güclü mədəniyyət komponentinin olduğu, Heydər Əliyev Fondunun bu istiqamətdə mühüm rolunu qeyd edilib, Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılmasının çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə böyük töhfə verəcəyi bildirilib. Səfir bu universitetin yaradılması təşəbbüsünün Prezident İlham Əliyev tərəfindən İtaliyaya dövlət səfəri vaxtı irəli sürüldüyünü və həmin səfər vaxtı razılaşdırıldığını deyən diplomat universitetin qurulması istiqamətində aparılmış işlər və bu ali təhsil müəssisəsinin məqsədlərindən və gələcək fəaliyyətindən bəhs edib.
M.Əhmədzadə keçmiş Ermənistan-Azərbaycan münaqişəsinə dair İtaliyanın mövqeyinə və işğaldan azad olunmuş ərazilərdə italyan şirkətlərinin fəaliyyətinə dair suala cavab olaraq münaqişə dövründə İtaliya tərəfinin beynəlxalq hüquqa uyğun və obyektiv mövqeyi, bu mövqeyin o cümlədən “Azərbaycan Respublikası və İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə”də də təsbit olunduğu, eləcə də İkinci Qarabağ müharibəsi vaxtı və ondan sonra İtaliya hökuməti və parlamenti tərəfindən də dəfələrlə səsləndirildiyi barədə danışıb, müharibədən dərhal sonra Avropadan ölkəmizə ilk hökumət və parlament nümayəndə heyətlərinin İtaliyadan gələrək işğaldan azad olunmuş ərazilərimizə səfər etdiyini bildirib. Diplomat İtaliyanın azad olunmuş ərazilərimizdəki yenidənqurma layihələrində iştiraka dəvət edildiyi ilk ölkələrdən biri olması, italyan şirkətlərinin həmin layihələrdə fəal iştirakı, bu istiqamətdə əməkdaşlığın daha da gücləndirilməsi üçün müvafiq addımların atılması barədə də danışıb.
Müsahibədə Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığın mühüm sütunlarından biri olan enerji sahəsində əməkdaşlıq, bu xüsusda Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəmərinin əhəmiyyəti, TAP boru kəməri ilə İtaliyaya cari qaz təchizatı həcmləri və onun artırılması perspektivləri barədə də məlumat verilib.
Səfir müsahibəsində Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıqdan, bu xüsusda İtaliyanın rolundan da bəhs edib. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi və iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüşün yekunlarına dair suala münasibətdə həmin görüşdə postmünaqişə mərhələsində bölgənin inkişafı ilə bağlı Azərbaycanın hər zaman çıxış etdiyi prinsiplərin geniş müzakirə olunduğunu bildirib, müzakirələrin yekunları barədə məlumat verib və görüşün Azərbaycanın maraqlarına uyğun olaraq və bölgənin gələcək sülh və əmin-amanlıq şəraitində inkişafının təmin olunması istiqamətində atılmış növbəti önəmli addım olduğunu deyib.
Müsahibədə, habelə regional məsələlər, bölgədə sülhün bərqərar olması istiqamətində Azərbaycanın mövqeyi və fəaliyyəti barədə mövzulara da toxunulub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma