SİYASƏT
Azərbaycanın Meksikadakı səfiri eyni zamanda Kolumbiyada səfir təyin olunması ilə əlaqədar etimadnaməsini bu ölkənin prezidentinə təqdim etmişdir
Bakı, 5 sentyabr (AZƏRTAC). Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov ölkəmizin eyni zamanda Kolumbiyada səfir təyin olunması ilə bağlı etimadnaməsini bu ölkənin Prezidenti Xuan Manuel Santosa təqdim etmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, diplomat Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Kolumbiya Prezidenti Xuan Manuel Santosa çatdırmışdır.
Görüşdə ölkələrimiz arasında münasibətlərin inkişaf perspektivləri, o cümlədən enerji sahəsində əməkdaşlıq imkanları, mövcud siyasi əlaqələrin genişləndirilməsinə dair qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilmişdir.
İ.Muxtarov Azərbaycanın tarixi, mədəniyyəti, ölkəmizin iqtisadi potensialı, habelə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı danışıqlar prosesi barədə Kolumbiya Prezidentinə ətraflı məlumat vermişdir.
Səfir etimadnaməsinin surətini Kolumbiyanın Xarici İşlər Nazirliyinə də təqdim etmişdir.
İ.Muxtarov, həmçinin Kolumbiyanın xarici siyasət idarəsinin, Mədənçıxarma və Enerji, Nəqliyyat, Kommersiya nazirliklərinin, Kolumbiyanın Diplomatik Akademiyanın rəhbərləri və Senat üzvləri ilə görüşmüşdür.
Görüşlərdə gələcəkdə iki ölkə rəsmilərinin yüksək səviyyəli səfərləri, Azərbaycan ilə Kolumbiya arasında geniş spektrdə əlaqələrin inkişaf perspektivləri, o cümlədən mövcud uğurlu siyasi əməkdaşlığın davam etdirilməsi, iqtisadi-ticarət, qarşılıqlı investisiyaların yatırılması, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq, habelə dövlətlərimiz arasında müqavilə-hüquq bazasının genişləndirilməsi məsələləri müzakirə olunmuşdur.
######