Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycanın milli maraqlara əsaslanan xarici siyasəti:hərbi-diplomatik Qələbənin müdrik lideri

Bakı, 24 dekabr, AZƏRTAC

Son vaxtlar qlobal və regional güclər arasında artan ixtilaflar, beynəlxalq münasibətlər sistemində davam edən gərginlik, o cümlədən dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələr, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma, həmçinin beynəlxalq münaqişələr, birtərəfli iqtisadi sanksiyalar, dözümsüzlük və humanitar böhran vəziyyəti daha da kəskinləşdirmişdir. Bütün dünyada və bölgədə gedən müxtəlif mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik şəkildə inkişafı, müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu onun Cənubi Qafqaz regionunun ən çox inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin etmişdir.

Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş və milli maraqlara söykənən xarici siyasəti ilə regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Qarabağ İrsini Araşdırma Mərkəzinin rəhbəri, beynəlxalq münasibətlər üzrə professor, siyasi elmlər doktoru Elçin Əhmədovun “Azərbaycanın milli maraqlara əsaslanan xarici siyasəti: hərbi - diplomatik qələbənin müdrik lideri” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Müasir geosiyasi şəraitdə Azərbaycanın milli
maraqlara əsaslanan xarici siyasəti

2003-cü ildən keçən 20 il ərzində Ümummilli lider Heydər Əliyevin siyasi kursunu dinamik şəkildə və uğurla inkişaf etdirən Prezident İlham Əliyev tərəfindən çoxşaxəli və milli maraqlara əsaslanaraq həyata keçirilən xarici siyasət nəticəsində Azərbaycanın çox böyük uğurlara imza atması ölkəmizin dünya birliyində mövqelərinin yüksəlməsini təmin etmişdir.

Qeyd etmək lazımdır ki, 2020-ci ilin yanvar ayında 14-cü dəfə Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında iştirak edən Prezident İlham Əliyev moderatorun “Avrasiyada indi böyük qüvvələr yerləşib, bir tərəfdən Rusiya, o biri tərəfdən Çin. Azərbaycanın Prezidenti kimi Siz birinci növbədə kimə zəng edərsiniz - Moskvaya, yoxsa Pekinə?” sualına cavab olaraq Prezident İlham Əliyevin “Bakıya” cavabı böyük önəm kəsb edir. Dövlət başçısının bu cavabı Azərbaycanın müstəqil, heç kimdən asılı olmayan, milli maraqların hər zaman uca tutulduğu siyasət yürütdüyünün bariz nümunəsidir. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın qonşu ölkələrlə münasibətləri dostluq, qarşılıqlı faydalı əməkdaşlıq, mehriban qonşuluq prinsiplərinə əsaslanır. Eyni zamanda, dövlət başçısı vurğuladı ki, Azərbaycan üçün onun milli maraqları həmişə birinci yerdədir və buna görə də müstəqillik illəri ərzində qazandığımız bütün nailiyyətlər xalqımızın müstəqilliyimizə sadiq olmasına, siyasi və iqtisadi sahələrdə çox ciddi islahatlar həyata keçirdiyimizə görə əldə olunub.

Hazırda Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Artıq ölkəmiz bütün regional məsələlərdə əsas iştirakçıdır və dövlətimizin başçısının qeyd etdiyi kimi, regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz. Azərbaycanın təşəbbüsü ilə reallaşan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP, TAP və digər layihələr Azərbaycanı qlobal iqtisadiyyatda özünəməxsus iqtisadi modelə malik ölkə kimi səciyyələndirir. Bu layihələr Azərbaycanın, Türkiyənin, eləcə də digər ölkələrin enerji təhlükəsizliyi üçün böyük təminat verməklə yanaşı, iki qardaş dövlətin birliyi və strateji tərəfdaşlığı regional təhlükəsizlik baxımından da mühüm əhəmiyyət kəsb edir. Eləcə də ölkəmiz Avropa təhlükəsizlik arxitekturasının etibarlı tərəfdaşı kimi qitənin enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır. Azərbaycanın enerji diplomatiyası regional təhlükəsizliyə, beynəlxalq əməkdaşlığa və milli maraqlara xidmət edir.

Nəticədə Azərbaycan yalnız beynəlxalq regionda gedən proseslərdə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanmışdır. Ona görə də bu gün dünyanı narahat edən və həyati əhəmiyyətli bir sıra problemlərdə aparıcı dövlətlərin başçıları Azərbaycan rəhbərinin mövqeyi ilə hesablaşırlar.

Azərbaycan Prezidenti İlham Əliyevin yüksək diplomatik istedadı sayəsində son 20 il ərzində ölkəmizin dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri keyfiyyətcə yeni müstəvidə daha da inkişaf etdirilmişdir. Azərbaycan 2011-ci il oktyabrın 24-də 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə BMT-yə üzv olan 193 dövlətdən 155-nin dəstəyi ilə inamlı qələbə qazanmışdır. BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biri olmaqla, ölkəmizin son illər dünya miqyasında artan siyasi nüfuzunun bariz sübutu kimi qəbul edilməlidir.

Bu illərdə Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da genişlənib. 2018-ci ilin iyul ayında Avropa İttifaqı ilə Azərbaycan arasında qəbul olunmuş “Tərəfdaşlıq prioritetləri” adlı mühüm sənəddə bir çox məsələlər öz əksini tapmaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək və hörmət ifadə olunur. Həmçinin 2018-ci il iyulun 11-12-də Brüsseldə keçirilmiş NATO Zirvə görüşünün Yekun Bəyannaməsində də Alyans üzvlərinin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək və hörməti öz əksini tapdı.

Bununla yanaşı, Türk Dövlətləri Təşkilatının güclənməsi və nüfuzunun artmasında da Azərbaycan Prezidenti İlham Əliyevin böyük rolu olmuşdur. 2019-cu il oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü keçirildi və ölkəmiz bu təşkilatda sədrliyə başladı. Bununla yanaşı, üzvlərinin sayına görə BMT-dən sonra dünyada böyük təşkilat olan Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının, oktyabrın 25-26-da Bakıda keçirilən XVIII Zirvə görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri, ümumilikdə isə 160-a yaxın ölkə və beynəlxalq təşkilatın nümayəndələri iştirak etdilər. Zirvə görüşü iki gün ərzində beynəlxalq münasibətlər sistemində ən mühüm hadisə oldu. Ümumilikdə, özündə 120 ölkəni birləşdirən və BMT-dən sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünün Prezident İlham Əliyevin sədrliyi ilə Bakıda keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi ölkəmizin böyük diplomatik uğurudur. Bununla yanaşı, son vaxtlar ölkəmizin ev sahibliyi etdiyi, eləcə də dövlət başçısının təşəbbüsü ilə keçirilən bir sıra mühüm əhəmiyyət kəsb edən tədbirlər son 20 ildə Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu xeyli yüksəltmişdir.

Aprel döyüşləri - böyük hərbi Qələbənin başlanğıcı

Son 20 il ərzində Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrində aparılan islahatlar ordumuzun istər döyüş, istərsə də mənəvi-psixoloji hazırlığının güclənməsinə zəmin yaratdı. Azərbaycan ordusu ən müasir silahlar və texnika ilə təchiz olundu. Qeyd etmək lazımdır ki, 2003-cü ildən keçən dövr ərzində hərbi xərclər 15 dəfədən çox artırılmışdır.

2016-cı ilin Aprel döyüşləri - Azərbaycanın Vətən müharibəsindəki böyük hərbi Qələbəsinin başlanğıcı və Ermənistanın “qüdrətli ordusu”nun yalnız mif olduğunun təsdiqi kimi tarixə düşdü. 2016-cı il aprelin 2-dən 5-dək davam edən Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları ölkəmizə hərbi-strateji nöqteyi-nəzərindən çox böyük üstünlüklər verdi. İlk növbədə, Azərbaycan çox mühüm psixoloji qələbə qazandı. Azərbaycan Ordusu Qarabağın şimal və cənub hissələrində çox böyük strateji əhəmiyyətə malik yüksəklikləri azad etdi. Bununla da Azərbaycan öz torpaqlarını azad etmək bacarığını, potensialını, döyüş əzmini nümayiş etdirdi. Nəticədə 4 günlük döyüşlərin beynəlxalq əks-sədası da dərhal eşidildi və Ermənistanın Azərbaycan torpaqlarının 20%-ni işğal altında saxlaması bir daha bütün dünyaya xatırladıldı.

2003-cü ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar bu gün Azərbaycan Ordusunun dünyanın ən qüdrətli orduları sırasına daxil olmasına imkan yaratdı.

Qeyd etmək vacibdir ki, 2016-cı il aprel ayının əvvəlində cəbhə xəttində Ermənistanın növbəti hərbi təxribatı ilə üzləşən ordumuz əks-hücuma keçərək işğalçılara güclü zərbələr endirmiş və qısa müddətdə Ağdərə, Cəbrayıl, Füzuli rayonlarında 2 min hektar ərazini düşməndən azad etmiş, işğal altında qalan torpaqlara nəzarət etmək imkanını artırdı. Bunun davamı olaraq, 2018-ci ilin may ayında isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilmiş, dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçirildi, Yerevan-Gorus-Laçın yolu nəzarətə götürüldü. Nəticədə minlərlə hektar torpaq işğalçılardan azad edildi, on minlərlə hektar ərazi Azərbaycanın nəzarətinə keçdi.

Ali Baş Komandan hərbi potensialımıza böyük diqqət göstərdiyimizi və bu sahədə böyük nailiyyətlər əldə etdiyimizi bildirərək qeyd etdi ki, bizim ordumuzun döyüş qabiliyyəti artmış, uğurlu Naxçıvan əməliyyatı bunu əyani şəkildə sübut etmiş və bu əməliyyat nəticəsində Azərbaycan Ordusu strateji yüksəkliklərə sahib olmuşdur: “Bu yüksəkliklər imkan verir ki, biz çox böyük əraziyə nəzarət edək. Uğurlu Naxçıvan əməliyyatı bir daha göstərdi ki, ordumuz peşəkardır, ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir. Bütün bunlar reallıqdır. Bu gün hər bir Azərbaycan vətəndaşı haqlı olaraq Azərbaycan Ordusu ilə fəxr edə bilər və biz əsgərlərimizlə, zabitlərimizlə fəxr edirik. Azərbaycan Ordusu dövlətimizin ərazi bütövlüyünün qorunması işində rol oynayan əsas amildir”.

Valdaydan dünyaya bəyan edilən “Qarabağ Azərbaycandır və nida işarəsi”

Azərbaycan Prezidenti İlham Əliyev mühüm beynəlxalq tədbirlərdə dəfələrlə Ermənistanın işğalçılıq siyasətini ifşa edərək təcavüzkarın faşist ideologiyası yürütdüyünü və terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini bütün dünyaya bəyan etmiş, xüsusilə son 20 ildə Azərbaycan diplomatiyasının səyləri nəticəsində münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurası, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlər Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatların sənədləri buna müvafiq hüquqi baza yaratdı.

Bu baxımdan son illər ərzində beynəlxalq təşkilatlar Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etmişlər. Bu, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün əsas amillərdən biri oldu. İlk növbədə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan 4 qətnamə (822, 853, 874, 884) icra edilməli idi. 2021-ci il iyunun 26-da Prezident, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə bildirdi ki, Azərbaycan Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu sübut etməli idi: “Nə üçün sübut etməli idik? Çünki Ermənistan, onun xaricdəki havadarları, erməni lobbisi vəziyyətlə bağlı tam təhrif edilmiş mənzərə ortaya qoyurdular. Əfsuslar olsun ki, ermənipərəst qüvvələr, Ermənistanın xaricdəki havadarları bu saxta reallığı gerçəyə çevirməyə çalışırdılar. Bizim isə imkanlarımız çox məhdud idi. Ona görə beynəlxalq müstəvidə real həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, mötəbər beynəlxalq təşkilatların qərarlarını qəbul etdirmək bizim üçün başlıca vəzifə idi. Belə də oldu. Aparıcı beynəlxalq təşkilatlar - BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, hətta daim bizə qarşı ədalətsiz mövqe sərgiləyən Avropa Parlamenti, Avropa Şurası məcbur olub həqiqəti əks etdirən, bizim maraqlarımıza cavab verən qərar və qətnamələr qəbul etmişlər. Bu, məsələnin beynəlxalq tərəfi idi”.

Son illər ərzində beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın haqlı mövqeyini dəstəkləyən sənədlərin qəbul edilməsi dövlət başçısı İlham Əliyevin yürütdüyü ölkəmizin milli maraqlarına söykənən xarici siyasətinin nəticəsi idi. Ümumiyyətlə, Prezident İlham Əliyevin prinsipial mövqeyi və diplomatik fəaliyyəti sayəsində Azərbaycanın İkinci Qarabağ müharibəsində beynəlxalq təşkilatların sənədləri əsas hüquqi baza kimi tarixi Qələbəni şərtləndirən amillərdən biri oldu.

30 ilə yaxın müddətdə münaqişənin həlli ilə bağlı Ermənistanın yürütdüyü siyasət, tutduğu mövqe tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmirdi. Bunu Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında və həmin il oktyabrın 11-də Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, oktyabr ayının 25-26-da Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə görüşündə çıxışları zamanı tutarlı faktlarla sübut etdi. 2020-ci il fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində isə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı panel müzakirələr zamanı, eləcə də iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətini ifşa edən Prezident İlham Əliyev Ermənistanın baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçdi.

Məlumdur ki, “Valday” klubu müasir dövrün aktual məsələlərinin müzakirə olunduğu platforma kimi yüksək dəyərləndirilir və bu gün müasir dünya nizamının aktual məsələlərinin müzakirəsi üçün çox mühüm beynəlxalq məkandır. Bu baxımdan, Prezident İlham Əliyev Ermənistanın təcavüzkar siyasətini tarixi və hüquqi əsaslarla ifşa edərək diqqətə çatdırdı ki, dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb və Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağın tarixi, əzəli Azərbaycan torpağı olduğunu bildirən dövlət başçısı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün bu gün də davam etdiyini bildirərək dünyaya bəyan etdi: “Qarabağ Azərbaycandır və nida işarəsi”. Prezident İlham Əliyevin münaqişənin həllinə dair hər zaman olduğu kimi qətiyyətli və prinsipial mövqeyi təkcə təcavüzkar Ermənistana deyil, eləcə də dünyaya bir mesaj oldu.

Dövlət başçısı hər zaman mühüm beynəlxalq tədbirlərdə dəfələrlə Ermənistanın işğalçılıq siyasətini ifşa edərək təcavüzkarın faşist ideologiyası yürütdüyünü və terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini bütün dünyaya bəyan etmişdir.

Nəticədə Prezident İlham Əliyevin 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısı kimi mühüm beynəlxalq platformada qətiyyətlə söylədiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” devizi bir ildən sonra, xüsusilə 44 günün ərzində reallığa çevrildi.

İkinci Qarabağ müharibəsində hərbi-diplomatik
və informasiya məkanında uğurlar

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarını azad etmək üçün Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. 44 gün ərzində Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu.

Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində beynəlxalq hüquq prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququndan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Nəticədə Azərbaycan dövləti oktyabrın 4-də Cəbrayıl şəhərinin, 17-də Füzuli şəhərinin, 20-də Zəngilan şəhərinin, 25-də Qubadlı şəhərinin işğalçılardan azad olunması ilə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan 874 və 884 saylı qətnaməni özü icra etdi.

2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə, eləcə də taleyinə ciddi təsir göstərdi və hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarını şərtləndirirdi.

Azərbaycanın hərbi-diplomatik Qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi nəticəsində noyabrın 20-də Ağdamın və 25-də isə Kəlbəcərin işğaldan azad edilməsi 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müvafiq maddəsinin yerinə yetirilməsini, eləcə də münaqişənin hərbi-siyasi həllini müəyyənləşdirdi.

Bununla yanaşı, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il ərzində yerinə yetirilməmiş qalan, eləcə də işğalçı qüvvələrin Azərbaycan Respublikasının Kəlbəcər və Ağdam rayonlarından çıxmasını nəzərdə tutan 822 və 853 saylı qətnamələr də məhz Azərbaycanın şərtləri ilə icra edildi. Bunun davamı olaraq üçtərəfli Bəyanatın müvafiq maddəsinə əsasən Ermənistan silahlı qüvvələrinin 2020-ci il dekabrın 1-dən Laçın rayonundan çıxması Azərbaycanın hərbi-diplomatik uğurlarının nəticəsi kimi qiymətləndirilir.

Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirildi. Daha sonra Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə arasında 5 mühüm sənədin imzalanması mərasimi oldu. Bunun ardınca Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxışlarında vurğuladılar ki, hər zaman hər iki dövlət bütün məsələlərdə bir yerdə olmuş, eyni mövqedən çıxış edərək bir-birinin yanında olmuşlar. Qarabağ məsələsinin hər zaman Türkiyə üçün də eyni dərəcədə ağrılı problem olduğunu bildirən Rəcəb Tayyib Ərdoğan Azərbaycanın sevinci, bizim sevincimizdir, qüruru bizim qürurumuzdur, dərdi, ağrısı, problemi də bizim problemimizdir, Azərbaycan kədərlənərsə, biz də kədərlənərik, Azərbaycan sevinərsə, biz də sevinərik sözlərini diqqətə çatdırmış və ölkəmizin haqlı mübarizəsini qətiyyətlə müdafiə edərək demişdir: “Həqiqətən 44 günlük bir müharibədən sonra ortaya çıxan nəticə Azərbaycandakı qardaşlarımı necə sevindirdisə, eyni dərəcədə Türkiyədəki qardaşlarını da sevindirmişdir. Bu, istər şəxsimizdə, istər bütün millətimizin şəxsində yaşanan bir sevincdir. İstər hökumətimiz olaraq, istərsə də parlamentin böyük bir qismi olaraq bu sevinci bərabər yaşadıq. Bu sevincə xüsusilə də yazılı, görüntülü medianın da böyük bir qismi eyni dərəcədə qatıldı və bu Zəfəri birlikdə daim qeyd etdilər, mesajlarını da bu istiqamətdə çatdırdılar”.

Azərbaycan Prezidenti İlham Əliyev hər iki dost, qardaş dövlətin bütün zamanlarda bir-birinin yanında olduğunu diqqətə çatdıraraq bildirmişdir: “Biz uzun illər sürən işğala son qoyduq. Türkiyə kimi qardaşımızın yanımızda olması bizi daha da ruhlandırırdı, bizə əlavə güc verirdi. Biz gücdən istifadə edərək öz tarixi torpaqlarımızı işğalçılardan azad etdik”.

Azərbaycan Prezidenti İlham Əliyev mühüm beynəlxalq tədbirlərdə dəfələrlə Ermənistanın işğalçılıq siyasətini ifşa edərək təcavüzkarın faşist ideologiyası yürütdüyünü və terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini bütün dünyaya bəyan etmiş, xüsusilə Azərbaycan diplomatiyasının səyləri nəticəsində münaqişənin həlli ilə bağlı BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlər Təşkilatı və digər beynəlxalq təşkilatların sənədləri buna müvafiq hüquqi baza yaratmışdı.

Bununla yanaşı, Azərbaycan Prezidentinin Vətən müharibəsi ərəfəsində və gedişində günlər ərzində 30-a qədər xarici KİV təmsilçilərinin, xüsusilə “Əl-Cəzirə”, “Əl-Ərəbiyə” “TRT Haber”, “Pervıy Kanal”, “CNN Türk”, “Euronews”, “CNN International”, “Sky News”, “RBK”, “Haber Global”, “Haber Türk”, “NTV”, “France 24”, televiziya kanallarına, Rusiyanın TASS, Ria Novosti agentliyinə verdiyi müsahibələrdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, cəbhə zonasında son hərbi əməliyyatlarla bağlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, bütün suallara konkret faktlarla cavabları Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna əhəmiyyət kəsb edir.

Nəticədə bu, informasiya müharibəsində də Azərbaycanın haqlı mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdi, Ermənistanın uzun illər yürütdüyü faşist ideologiyası, xalqımıza qarşı etnik təmizləmə, soyqırımı, dövlət terrorizmi və işğalçılıq siyasətinin, eləcə də erməni yalanlarının dünya miqyasında ifşası istiqamətində əhəmiyyətli rol oynadı, tarixi ədalətin Zəfər çalmasını şərtləndirdi.

Azərbaycanın hərb meydanında tarixi Qələbəsini yüksək dəyərləndirən dünyanın bir sıra hərbi-siyasi ekspertlərinin fikirlərini Ukraynanın “İnter” telekanalının müxbiri də təsdiq etdi: “Azərbaycanın işğal olunmuş rayonlarının azad edilməsi üçün xüsusi əməliyyat mənim fikrimcə, həm hərbi texnologiyaların tətbiqi baxımından, ən başlıcası, dinc əhali və hərbçilər arasında tələfatın minimuma endirilməsi, həm də yeni hərbi texnologiyaların tətbiqi baxımından nümunəvi əməliyyat idi. Azərbaycan bütün dünyaya göstərdi ki, səngər müharibəsi artıq keçmişdə qalıb və mən əminəm ki, bu, bir çox hərbi məktəblərin dərsliklərinə daxil ediləcək”.

Bu baxımdan bir sıra aparıcı beynəlxalq KİV-ə müsahibələrində Prezident İlham Əliyevin prinsipial mövqeyi, səsləndirdiyi tutarlı dəlillər və əsaslı fikirlər Azərbaycanın bu haqlı mübarizəsinə dəstək verən bir sıra ölkələrin, nüfuzlu xadimlərin, beynəlxalq ekspert və siyasətçilərin sayını daha da artırıb, Ermənistanın təcavüzkar siyasətinin ifşa olunması prosesini genişləndirərək informasiya müharibəsində də tarixi ədalətin Zəfər çaldığını göstərdi. Prezident İlham Əliyevin həm Vətən müharibəsinin gedişi dövründə, həm də fevralın 26-da keçirilən geniş mətbuat konfransında tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanan məntiqli fikirləri dünyanın aparıcı KİV-in gündəmində, əsas xəbər başlıqlarında yayılaraq Azərbaycan həqiqətləri bütün dünyaya çatdırıldı.

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında bildirib ki, İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir, xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək və biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik. Bu baxımdan qeyd etmək lazımdır ki, Azərbaycanın milli maraqlarını uca tutan, Prezident İlham Əliyevin prinsipial mövqeyi hərb, diplomatiya meydanında olduğu kimi informasiya savaşında da uğurlarımızı şərtləndirirdi və tarixi Qələbəmizin əsası qoyuldu. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi biz döyüş meydanında da, informasiya məkanında da, siyasi müstəvidə də Qələbə qazandıq.

Şuşa Azərbaycan mədəniyyətinin paytaxtı,
Xarıbülbül Qarabağın azadlıq rəmzi oldu

Azərbaycan Prezidentinin dekabrın 3-də imzaladığı Sərəncama əsasən, noyabrın 8-i bayram günləri sırasına daxil edildi və hər il Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunacaq. Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Prezidentin Sərəncamında vurğulanır ki, Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi.

2021-ci il yanvarın 14-də Şuşaya səfər edən Azərbaycan Prezidenti İlham Əliyev son dəfə 39 il bundan əvvəl Ümummilli lider Heydər Əliyevin şəhərə tarixi və unudulmaz səfəri zamanı gəldiyini diqqətə çatdıraraq bildirdi ki, qəhrəman Azərbaycan Ordusu mükəmməl hərbi əməliyyat keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək Şuşanı işğalçılardan azad etmişlər və uzun fasilədən sonra noyabrın 8-də Şuşada Azərbaycan Bayrağı qaldırılmışdır: “Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan Bayrağı dalğalanır. Döyüşə-döyüşə gəlmişik. Heç kim bu torpaqları bizə elə-belə verməyib. Biz gördük ki, ancaq öz gücümüzlə öz torpaqlarımızı azad etməliyik və bunu etdik”.

Prezident İlham Əliyev bildirmişdir ki, Şuşanın Azərbaycan tarixində xüsusi yeri var və Şuşanın bərpası, dirçəlməsi hamımızın işidir: “Əlbəttə ki, bütün işlər planlı şəkildə aparılmalıdır, Şuşanın tarixi siması saxlanılmalıdır, Şuşaya yad olan hər hansı bir tikiliyə yol vermək olmaz”. Dövlətimizin başçısı bildirmişdir ki, mütəxəssislər, memarlar, tarixçilər, şuşalılar özləri deyəcəklər ki, bu şəhəri necə görmək istəyirlər, çünki bu, onların şəhəridir. Şuşanın əsl tarixi simasının və qədim mədəni abidələrinin bərpası Azərbaycan memarlıq üslubunu əks etdirməli, çox zəngin mədəni həyat olmalı və Şuşada yaşayacaq soydaşlarımız da, bütün işlər görüləndən sonra oraya qayıtmalıdırlar: “Biz hamımız istəyirik ki, dağıdılmış şəhərlər tezliklə bərpa edilsin, amma, eyni zamanda, elə olsun ki, bu, oraya qayıdacaq insanların rahatlığını təmin etsin və müasir, güclü Azərbaycanın gücünü bütün dünyaya göstərsin”.

Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Prezident İlham Əliyevin 2021-ci il mayın 7-də imzaladığı Sərəncamında vurğulanır ki, şəhərin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, bu mühüm sənəddə göstərilir ki, tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir.

2021-ci il mayın 12-13-də hər bir azərbaycanlı üçün müqəddəs məkanda, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada, bənzərsiz və füsunkar Cıdır düzündə 29 ildən sonra yenidən “Xarıbülbül” musiqi festivalı keçirildi. Vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsinə həsr edilmiş möhtəşəm “Xarıbülbül” musiqi festivalı düşmənə, bu müqəddəs şəhərə yad olan ünsürlərə həm də cavab oldu. Nəticədə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı, Xarıbülbül Qarabağın azadlıq rəmzinə çevrildi.

Şuşa ictimai-siyasi fikir və milli ideoloji mərkəzə çevriməkdədir

Bununla yanaşı, 2022-ci il martın 31-də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçildi.

2022-ci il aprelin 22-23-də dünyanın 65 ölkəsindən 400-dən çox soydaşımızı bir araya gətirən Dünya Azərbaycanlılarının Zəfər Qurultayının məhz Qarabağın tacı, mədəniyyət paytaxtı Şuşada keçirilməsi böyük rəmzi, həmçinin siyasi məna daşıyır. Zəfər Qurultayında 230-a yaxın xarici ölkə vətəndaşı olan azərbaycanlı, o cümlədən 36 alim və 36 iş adamı iştirak etmişdir.

Eyni zamanda, İkinci Qarabağ müharibəsindən sonra qazanılan tarixi Qələbə, xüsusilə Azərbaycanın 44 günlük Vətən müharibəsindəki hərbi, diplomatik və informasiya məkanındakı uğurları nəticəsində yaranmış reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasında yeni yanaşmalar tələb edir. Ona görə də Şuşa Qurultayında əsas mövzular arasında postmüharibə dövründə diaspor fəaliyyətinin təşkili dayandı. Buraya bir tərəfdən tarixi Vətənlə əlaqələrin gücləndirilməsi, yeni nəslə vətənpərvərlik hisslərinin aşılanması və Azərbaycan dilinin həftəsonu məktəbləri çərçivəsində tədrisinin təşkili, eləcə də şəbəkələşmə və müxtəlif səpkidə kampaniyaların hazırlanması kimi icmadaxili fəaliyyətlər daxil idi. Digər tərəfdən isə yerli ictimaiyyət və beynəlxalq təşkilatlar, xüsusilə də siyasi və akademik dairələrlə yeni dövrün tələblərinə uyğun münasibətlərin qurulması ətrafında müzakirələrin diqqət mərkəzində saxlanılması mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Prezidenti İlham Əliyevin İkinci Qarabağ müharibəsinin gedişində xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri və xalqa müraciətləri bütün dünyada yaşayan azərbaycanlıları ölkəmizin milli maraqları, birlik və həmrəyliyi istiqamətində birləşdirici amilə çevrildi. Dövlətimizin başçısı İlham Əliyevin Zəfər Qurultayında konseptual xarakter daşıyan nitqi postmünaqişə dövründə ölkəmizin mövqeyi ilə yanaşı, diaspor fəaliyyətinin inkişafı üçün də əsas hədəfləri aydın şəkildə özündə ehtiva etdi.

2021-ci il iyunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın işğalından azad edilən, Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşa şəhərinə səfər etməsi və iki dost, qardaş dövlət arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması mühüm tarixi hadisədir.

Mühüm tarixi və siyasi əhəmiyyətə malik Şuşa Bəyannaməsində qeyd olunur ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətləri öz zirvəsinə yüksəlmiş və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoymuşdur.

Müttəfiqlik münasibətləri haqqında Bəyannamənin əvvəlində Azərbaycanın və bütövlükdə Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində iki qardaş dövlətin prezidentlərinin görüşünün mühüm əhəmiyyəti vurğulanır, 100 il bundan əvvəl imzalanmış tarixi Qars müqaviləsinə istinad edilir. Həmçinin bu tarixi sənəddə 1994-cü il fevralın 9-da imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”nin və “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”un, eləcə də 2010-cu il avqustun 16-da imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”nin rəhbər tutulduğu bildirilir.

Şuşa Bəyannaməsinin imzalanmasından sonra Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxışlarında bildirdilər ki, Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq. Prezident İlham Əliyev 2021-ci il avqustun 14-də “CNN Türk” televiziya kanalına müsahibəsində bildirdi ki, bu gün dünya miqyasında Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkələr yoxdur və əgər axtarmaq istəsəniz, tapa bilməzsiniz, yoxdur, eləcə də bu birlik, həmrəylik, qardaşlıq sözdə deyil, əməldədir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin “Rəsmi qəzet”də dərc edilərək qüvvəyə minməsi haqqında qərarı imzalayıb. Eyni zamanda, Bəyannamə 2022-ci il fevralın 3-də Türkiyə Böyük Millət Məclisi tərəfindən təsdiqlənmişdir.

Dövlət başçısı İlham Əliyev fevralın 12-də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalamışdır.

Bununla da Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra dünyaya nümunə olan Azərbaycan-Türkiyə həmrəyliyi və strateji tərəfdaşlığı daha da yüksək səviyyəyə qalxdı, xüsusilə regional təhlükəsizlik baxımından müstəsna əhəmiyyət kəsb edən müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması mühüm hadisə kimi tarixə yazıldı.

2023-cü il mayın 12-də Şuşa şəhərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə “Şuşa-Türk dünyasının mədəniyyət paytaxtı - 2023” ilinin rəsmi açılış mərasimi oldu. Qeyd etmək lazımdır ki, 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan torpaqlarının işğaldan azad edilməsi nəinki Azərbaycan, bütövlükdə Türk dövlətləri və xalqları üçün qürur mənbəyinə çevrilmiş, eyni zamanda, Türk birliyinin daha da güclənməsinə təkan verdi.

Bununla yanaşı, 2023-cü il sentyabrın 25-də Qətərin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın qədim Şuşa şəhərinin 2024-cü il üçün ICESCO-nun “İslam dünyasının mədəniyyət paytaxtı” proqramı üzrə namizədliyi irəli sürülmüş və “Şuşa-2024-cü il üçün İslam dünyasının paytaxtı” elan olundu.

Ümumilikdə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən sonra Qarabağda, o cümlədən Şuşada keçirilən beynəlxalq tədbirlər müstəsna əhəmiyyət daşıyır. Bu baxımdan, işğaldan azad edilmiş ərazilərə səfər edən xarici ekspertlərin, tədqiqatçıların, xüsusilə ictimai xadimlərin ermənilərin işğal vaxtı törətdikləri vandalizm aktlarının, xüsusilə Azərbaycanın tarixi memarlıq abidələrinin vəhşicəsinə dağıdılmasının şahidi olması çox zəruridir. Bununla yanaşı, keçirilən beynəlxalq tədbirlər işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Şuşada aparılan genişmiqyaslı bərpa-quruculuq işləri ilə beynəlxalq ictimaiyyətin daha yaxından tanış olması, həmçinin Azərbaycanın mədəni irsinin dünyaya çatdırılması baxımından da çox mühüm əhəmiyyət kəsb edir.

Artıq işğaldan azad edilmiş Şuşada keçirilən mühüm tədbirlər dünya ictimaiyyəti tərəfindən də böyük maraqla izlənilir. Bu baxımdan, əminliklə söyləyə bilərik, 2021-2023-cü illərdə keçirilən mühüm tədbirlər bir daha onu təsdiq edir ki, Şuşa Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı olmaqla yanaşı, həmçinin ictimai fikir və milli-ideoloji mərkəzə çevrilməkdədir.

Ali Baş Komandanın qətiyyətli mövqeyi: ərazi bütövlüyü,
suverenlik və tarixi ədalətin bərpası

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq, 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirilməklə yanaşı, düşmənin bu illər ərzində yaratdığı “yenilməzlik” mifologiyasını darmadağın etdi. Bununla yanaşı, Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü 30 ildən artıqdır ki, yürütdüyü işğalçılıq siyasəti, xüsusilə müharibə cinayətlərinin mahiyyətini açmaqla bunun bütün region üçün yaratdığı ciddi təhdidləri, davam edən hərbi əməliyyatlarla bağlı tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanaraq tutarlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, ölkəmizin haqlı mövqeyinin konkret faktlarla dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Həmçinin bu müsahibələr informasiya məkanında da düşmənin yalan üzərində qurulmuş təbliğat maşınına ağır zərbə vurdu və Ermənistanın təcavüzkar siyasətinin, eləcə də onun himayədarlarının ifşa olunması ilə nəticələndi.

Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il fevralın 26-da mətbuat konfransında Dağlıq Qarabağın statusu məsələsinə də “nida” işarəsi qoyaraq bildirdi ki, Ermənistana və erməni xalqına yanlış vədlər vermək lazım deyil, onları bu günə salan səbəblərdən biri də məhz o idi, xülya idi, iddia idi, əsassız istəklər idi. Bu istəklərə rəvac verən bəzi xarici ölkələrin siyasətçiləri də erməni xalqının bu rəzil duruma salınmasında öz rolunu oynadılar: “Status haradadır, onu hər kəs bilir. Hesab edirəm ki, Ermənistan və erməni xalqı üçün bu məsələ nə qədər az dilə gətirilərsə, o qədər də yaxşı olar. Ona görə status məsələsi, ümumiyyətlə, gündəlikdən çıxmalıdır. Ona görə statusla bağlı hesab edirəm ki, əgər kimsə bu gün bu məsələni qaldırırsa, sülhə yox, qarşıdurmaya daha çox xidmət göstərir”. Hər zaman, xüsusilə, Münhen Təhlükəsizlik Konfransında bəyan etdiyi kimi, Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu diqqətə çatdıran dövlət başçısı vurğuladı ki, faktiki olaraq biz bu gün, ümumiyyətlə, Dağlıq Qarabağ ifadəsini də işlətməməliyik və Qarabağ aranlı-dağlı Azərbaycanın ayrılmaz hissəsidir.

2023-cü il sentyabrın 19-20-də Azərbaycan apardığı lokal antiterror tədbirləri nəticəsində həm ərazi bütövlüyünü, həm də suverenliyini bərpa edərək Cənubi Qafqaz regionunda sülhün bərqərar olması üçün əsaslı zəmin yaratdı. 2023-cü il oktyabrın 15-i daha bir şərəfli gün kimi tarixə düşdü. Ali Baş Komandan, Prezident İlham Əliyev Ağdərədə, Xocalıda, Əsgəranda, Xocavənddə və Xankəndidə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.

Ali Baş Komandan, Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldarkən çıxışanda demişdir: “Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti də 100 il bundan əvvəl - 1923-cü ildə yaradılmışdır. Bu, 100 ilin tarixidir. Görün, bu 100 il ərzində xalqımız nə qədər əzab çəkib, tarix bizi nə qədər sınağa çəkib. Əyilmədik, sınmadıq, o boyda böyük faciə ilə təkbaşına üz-üzə qalmışdıq, heç kim bizim yanımızda durmadı. Torpaqlarımız işğal altına düşəndə heç bir ölkə arxamızda dayanmadı, heç mənəvi dəstək də göstərmədilər. Bütün əsas güclər Ermənistanın arxasında idi və bugünkü tarix onu bir daha göstərir”.

Qeyd etmək lazımdır ki, Azərbaycan dövləti İkinci Qarabağ müharibəsindən sonra əzəli torpaqlarını işğaldan azad etməklə yanaşı, 100 il əvvəl - 1923-cü ildə Qarabağda məqsədli şəkildə pozulmuş inzibati-ərazi bölgüsünü də yenidən təmin etdi. Azərbaycan Prezidentinin 2021-ci il iyulun 7-də imzaladığı Fərman əsasən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ilə tarixi ədalət bərpa edilmiş oldu.

Nəticədə İkinci Qarabağ müharibəsi son yüz ildə şərəf və qəhrəmanlıq salnaməsi kimi Azərbaycan tarixinə yazıldı. Bu gün üçrəngli müqəddəs bayrağımız Azərbaycanın bütün işğaldan azad edilmiş ərazilərində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Ağdamda, Şuşada, Xocavənddə, Hadrutda, Ağdərədə, Xocalıda və Xankəndidə qürurla dalğalanır.

1919-cu ildən 104 il sonra - 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində keçirilən və Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad Azərbaycanın hərb tarixinə də şərəfli bir gün kimi yazıldı. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev hərbi paradda çıxış edərək bildirdi ki, torpaqlarımızın işğaldan azad edilməsi üçün ordu quruculuğu birinci nömrəli vəzifə idi. Maddi-texniki təchizat, silah-sursatla təchizat, ordumuzun döyüş qabiliyyətinin qaldırılması və ilk növbədə, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsini qələbəyə aparan əsas amillər kimi xarakterizə edən Ali Baş Komandan bir daha diqqətə çatdırdı ki, Azərbaycan əsgər və zabiti əsl qəhrəmanlıq və şücaət göstərmişdir. Əziz şəhidlərimizin xatirəsinin bizim qəlbimizdə əbədi yaşayacağını və bütün dünyaya Azərbaycan xalqının gücünü, iradəsini, əyilməz ruhunu göstərdiyimizi vurğulayan Prezident İlham Əliyev demişdir: “XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Bunu biz hamımız yaxşı bilirik, bunu dünya da bilsin”.

2023-cü il dekabrın 21-də daha bir tarixi hadisə zamanı, Xankəndi şəhər stadionunda keçirilən futbol oyunundan əvvəl çıxış edən Prezident İlham Əliyev bir daha dünyaya bəyan etdi ki, bundan sonra bu torpaqlarda Azərbaycan Bayrağı əbədi dalğalanacaq: “Biz azərbaycanlılar burada əbədi yaşayacağıq! Yaşasın Qarabağ! Yaşasın şanlı Ordumuz! Qarabağ Azərbaycandır!”

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gəncə Dövlət Universitetində tədbir: Qərbi Azərbaycana qayıdış

Britaniyada 1,8 milyon tələbənin azı 50 min funt-sterlinqlik borcu var

Qərbi Azərbaycan İcmasında yerli rayon icmalarının cari ilin birinci yarımilliyi üçün hesabat iclası keçirilib

Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib

“BakıKart” nağdsız elektron ödəniş alətinin adından dələduzluq kampaniyası həyata keçirilir - XƏBƏRDARLIQ

® "Azercell" yeni "Smartfon" kampaniyasını təqdim edir!

Azərbaycan mobil internetə qoşulma üzrə beynəlxalq göstəricilərdə irəliləyib

Elektron Təhlükəsizlik Xidməti “Qarabağ” Futbol Klubunun əməkdaşları üçün maarifləndirmə tədbiri keçirib

"CESI" şirkətinin icraçı direktoru ilə “yaşıl enerji dəhlizi” üzrə əməkdaşlıq müzakirə olunub

Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edir 

Daşkəsən rayonunda sel müşahidə olunur VİDEO

“Orqanik Naxçıvan”a məxsus 750 hektardan artıq sahədə taxıl biçini aparılır

Paytaxtın Əbdürrəhim bəy Haqverdiyev küçəsində avtobus zolağı təşkil edilib

Azərbaycan polisi məsuliyyətli və şərəfli vəzifəsinin öhdəsindən bacarıqla gəlir

İtaliyalı jurnalist Azərbaycanda tolerantlıq mühitinin qorunması və təbliği ilə bağlı görülən tədbirlər barədə məlumatlandırılıb

Nəqliyyat sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

“Azərbaycan Dəmir Yolları” ilə sərnişin daşınması 20 faiz artıb

Azərbaycan polisi ölkədə təhlükəsizliyi və asayişi uğurla təmin edir

Qərbi azərbaycanlı professor: Azərbaycan Prezidentinin müdrik siyasəti sayəsində qayıdış arzumuza çatacağımıza inanırıq

UNEC Abituriyent Məsləhət Mərkəzində 100-dən çox abituriyentə dəstək göstərilib

Hindistanda dini ibadətgahda baş verən izdihamda 107 nəfər ölüb

Daxili işlər orqanları asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir

Azərbaycan-İsrail əlaqələrindən bəhs edən kitabın təqdimatı olub

Gəncədə bir qrup polis işçisi peşə bayramı münasibətilə təltif edilib

Bakı İlahiyyat Kollecinin loqo müsabiqəsinin qalibi müəyyənləşib

Füzuli və Xocavənd rayonlarına mediatur təşkil olunub - YENİLƏNİB

Keniyada hökumət əleyhinə nümayişlər yenidən başlayıb

Yeni sorğu Qazaxıstan Prezidentinə yüksək ictimai dəstəyi təsdiqləyir

Bu ilin 6 ayında miqrasiya qanunvericiliyini pozan 1 122 əcnəbi Azərbaycanın hüdudlarından kənara çıxarılıb

Məktəb-studiyanın yekun konserti olub

“Sabah” basketbol klubu dünya çempionatının iştirakçısını transfer edib

Rəsədxananın əməkdaşı beynəlxalq konfransda çıxış edib

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib VİDEO

Media nümayəndələrinin COP29-da iştirakı üçün akkreditasiya portalı istifadəyə verilib

Azərbaycan səfiri etimadnaməsini Konqo Prezidentinə təqdim edib

Zəngilan, Laçın və Füzulidə “Ümid dolu sabahlar” adlı layihəyə başlanılıb

BMT-nin Baş katibi: Əminəm ki, Qazaxıstan Azərbaycanda keçiriləcək Tərəflər Konfransında üzərinə düşən rolunun öhdəsindən layiqincə gələcək

AzMİU ilə Üsküdar Universiteti arasında əməkdaşlıq qurulacaq

AİJA-nın prezidenti: AIPS-in yaradılması gününü bütün dünya ölkələri qeyd edir

Leyboristlər Partiyasının lideri donorlardan 76 min funt sterlinqlik hədiyyə qəbul edib

AIPS-in yubiley tədbiri keçirilib, AZƏRTAC “İlin ən yaxşı informasiya agentliyi” mükafatına layiq görülüb VİDEO

Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

MSK sədri: Naxçıvanda seçki məntəqələrində bir sıra problemlər var VİDEO

Qarabağ Universitetinə prorektor vakansiyaları elan olunur

MSK-da REAL-ın, Ağ Partiyanın və Vətəndaş Həmrəyliyi Partiyasının müraciətlərinə baxılıb

İlanın ağından da, qarasından da... qorunmaq lazımdır

Rövzət Qasımov: Bəzi seçki məntəqələrinin hüdudlarında dəyişiklik edilməsinə əsaslar yaranıb

Uşaqlar nə üçün qaranlıqdan qorxur ?

ABŞ-ın Şimali Dokota Universitetinin professoru BDU-da elmi seminar keçirib

Dövlət Komitəsində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Test imtahanında müvəffəqiyyət qazanmış şəxslərin sertifikat əldə etmək üçün qeydiyyatına başlanılıb

Pakistanın səfiri Bilal Hayenin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb

Çinin BYD şirkəti ilə əməkdaşlığa dair sənədlər imzalanıb

İmişlidə bir qrup polis əməkdaşı təltif olunub

İRİA ekosistemin inkişafına təkan verəcək “Ecosystem Map” və digər layihələrini təqdim edib

Sabiq kəşfiyyat rəisi Niderlandın yeni Baş naziri olub

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında informasiyanın texniki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Özbəkistan Prezidenti Astanada ŞƏT-in sammitində iştirak edəcək

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Metropolitendə aylıq sərnişindaşıma ilk dəfə pandemiyadan əvvəlki dövrdən çox olub

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qabal kəndində gənclərə Azərbaycan-Gürcüstan dostluğu barədə məlumat verilib

“Azərtütün” ASC-nin emal məntəqələri bu günədək istehsalçılardan 476,4 ton yaş tütün qəbul edib

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Yay Təcrübə Proqramı çərçivəsində tələbələr üçün yay düşərgəsi keçirilir

“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Moldova Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı Metrosunda QR bilet istifadəçilərinin sayı 1 milyonu ötüb

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında su təsərrüfatı sahəsində Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

BANM tələbələri DAAD təqaüdlərini qazanıblar

Azərbaycanın müdafiə naziri Belarusa səfər edib

“Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Çinin ən uzun çayında suyun səviyyəsi təhlükəli həddi keçib VİDEO

“Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə R.V. Investment Group Services, LLC ABŞ arasında bağlanılmış Sazişdə Dəyişiklik” sənədinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

FHN Aran Regional Mərkəzi çimərliklərdə monitorinq keçirib

Bakı və Gəncədə məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzləri fəaliyyətə başlayıb

Gürcüstanda hərbi təyyarə qəzaya uğrayıb

“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib

Türkiyə mediası: Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin tikintisi sürətlə davam edir

Yeni çap metodu çevik elektronikaya yol açır

Paytaxtın Azadlıq prospektində təmir işləri aparılır VİDEO

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının 2024-cü il 14 iyun tarixli 1173-VIQ nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Şuşa – İslam dünyasının mədəniyyət paytaxtıdır” - elmi konfrans

Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında
Azərbaycan Respublikasının Qanunu

İstanbulda Azərbaycan və Türkiyə gənclərinin birgə konserti təşkil olunub

“Dəlinin qeydləri” monotamaşası beynəlxalq festivaldan uğurla qayıdıb

Tverdə Azərbaycan məhsullarının təqdimatı keçirilib

Beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib

Gömrük nəzarətindən gizlədilən məhsullar aşkarlanıb

Bill Qeyts: AI iqlim məqsədlərinə nail olunmasına mənfi deyil, müsbət təsir göstərir

ADY-də Çin nümayəndə heyəti ilə Orta Dəhlizə yeni yüklərin cəlb edilməsi müzakirə olunub

Bu ildən BMU-da təkrar ali təhsil almaq üçün qəbul həyata keçirilir

“Beril” qasırğası Karib hövzəsinə çatıb

® ABB “AKA Bank”la müqavilə imzalayıb

Kənd təsərrüfatı naziri Xaçmazda taxıl biçini prosesini izləyib

Filippinin 2025-ci il üçün büdcəsi 10 faizdən çox artıb

Mayk Tayson Türkiyə millisinə hədiyyə göndərib

İtaliya Azərbaycandan yaşıl enerjinin idxalına maraq göstərir

“Oil & Gas Journal” Bakıda “Avro-5” standartlarına uyğun benzin və dizel yanacağının istehsalı kompleksinin istismara verilməsindən yazıb

İyulun 3-nə gözlənilən hava proqnozu açıqlanıb

Ölkə ərazisində ildırım çaxması və dolu yağmasının başvermə intensivliyi artıb, əhatə dairəsi genişlənib - AÇIQLAMA