Azərbaycanın Moldovadakı səfirliyi 20 Yanvar faciəsinin ildönümü münasibətilə press-reliz yaymışdır
Kişineu, 14 yanvar (AZƏRTAC). Azərbaycanın Moldovadakı səfirliyi 20 Yanvar faciəsinin ildönümü münasibətilə press-reliz yaymışdır.
Moldovanın bütün hakimiyyət şaxələrində, Kişineuda akkreditə edilmiş diplomatik korpusun nümayəndələri, bu ölkənin ictimai təşkilatları arasında və KİV-lərdə yayılmış sənəddə 1990-cı il Yanvarın 20-də sovet ordu hissələrinin, daxili qoşunların və xüsusi təyinatlı dəstələrin iri kontingentinin Bakıya yeridilməsi, xüsusi qəddarlıq və görünməmiş vəhşiliklər törədilməsi, dinc əhaliyə divan tutulması, yüzlərlə insanın qətlə yetirilməsi, yaralanması və itkin düşməsi barədə söhbət açılır.
Press-relizdə qeyd edilir ki, qoşunların şəhərə qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublikanın rayonlarında 133 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 adam qanunsuz olaraq həbs edilmiş, 5 nəfər itkin düşmüşdür. Hərbi qulluqçular 200 evi və mənzili, 80 avtomaşını, o cümlədən təcili tibbi yardım maşınlarını yandırmış, ümumi dəyəri 5.637.286 rubla bərabər olan dövlət əmlakını və şəxsi əmlakı məhv etmişlər. Öldürülənlər arasında qadınlar, uşaqlar və qocalar, habelə təcili yardım və milis işçiləri də olmuşdur.
Press-relizdə daha sonra göstərilir ki, hərbi qulluqçular xüsusi qəddarlıq göstərir, insanlara yaxın məsafədən atəş açır, tankları və zirehli transportyorları bilə-bilə minik avtomobillərinin üstünə sürür, həmin avtomobillərdəki insanları öldürür, xəstəxanaları atəşə tutur, tibbi-sanitar heyətin yaralılara yardım göstərməsinə mane olurdular. Qoşunların şəxsi heyəti yaralananları qətlə yetirir, süngü-bıçaqla onları öldürür, ağırlıq mərkəzini dəyişən 5,45 mm kalibrli güllələrdən istifadə edirdilər. Bu cür güllələr insanı sadəcə sıradan çıxarmır, onun iztirablarını qat-qat artırır və nəticə etibarı ilə belə adamların ölümü labüd olur.
1990-cı il Yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyi qarşısında azərbaycanlıların etiraz mitinqi keçirilmişdir. Əllərində qara bayraqlar tutmuş bu adamlar Moskvanın küçələrindən keçərək öz hiddətli etiraz məktubunu təqdim etmək üçün Sov.İKP Mərkəzi Komitəsinin binasının qarşısında toplaşmışdılar. Azərbaycanın keçmiş rəhbəri, Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, həmin dövrdə istefada olan Heydər Əliyev Daimi Nümayəndəlikdə mətbuat konfransı keçirmiş, Sovet qoşunlarının Azərbaycanda həyata keçirdiyi qeyri-insani aksiyanı qətiyyətlə pisləmişdir.
Press-relizin sonunda deyilir: “Bakı Azərbaycanın həlak olmuş oğul və qızları ilə vidalaşırdı. Milyonlarla insan Lenin adına meydanda toplaşmışdı. Dəfn mərasimi bu dəhşətli faciənin qurbanlarını torpağa tapşırmaq üçün münasib yer kimi seçilmiş Dağüstü parka - Bakının ən uca məkanına doğru yönəldi. Bu insanlar Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlər, gələcək nəsillərə nümunə sayılan qəhrəmanlardır”.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu