AZƏRBAYCANIN MÖVQEYİNİ ƏKS ETDİRƏN MƏRUZƏ
Komitənin üzvləri gündəliyə çıxarılmış demokratik inkişafın vəziyyətini qiymətləndirməyin yeni konsepsiyaları, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi üzrə məruzənin təqdimatı, Avropa və ABŞ arasında əlaqələr, Makedoniyada vəziyyət, Cənubi-Şərqi Avropada sabitlik paktı və digər məsələləri müzakirə etmişlər.
Yığıncaqda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair hazırlanmış məruzə deputatların qızğın müzakirəsinə səbəb olmuşdur. Sentyabr ayından Avropa Şurasının baş katibi vəzifəsində fəaliyyətə başlamış ingiltərəli deputat Terri Devis vaxtilə məruzəçi təyin edildiyi dövrdə problemlə yaxından tanış olmaq üçün dəfələrlə bölgəyə gəlməsi, dövlət rəhbərləri, siyasi xadimlərlə yanaşı, ictimaiyyətin nümayəndələri ilə də ətraflı söhbətləri, zəngin material toplaması və nəhayət, mövzu ilə bağlı bütün sahələri əhatə etmiş məruzə hazırlaması barədə həmkarlarına geniş məlumat vermişdir.
Deputatların müzakirəsinə təqdim edilmiş məruzədə münaqişənin başvermə səbəbi və tarixi kökləri tam şəkildə öz əksini tapmışdır. Məruzədə ərazi iddiasına düşmüş Ermənistanın torpaqlarımızı işğal etməsi, işğal etdiyi ərazilərdə etnik təmizləmə aparması, Azərbaycanın bir milyondan artıq qaçqın və məcburi köçkününün çadır şəhərciklərində və vaqonlarda məskunlaşması, onların hüquqlarının pozulması, hər bir ölkənin ərazi bütövlüyünü və suverenliyini əsas götürən BMT-nin Təhlükəsizlik Şurasının erməni hərbi qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən danışıqsız çıxarılması barədəki məlum qətnamələrinə işğalçı ölkənin bu günə qədər biganə yanaşması, münaqişənin sülh yolu ilə həllində vasitəçilik edən Minsk qrupunun fəaliyyətində hələlik əsaslı bir dönüş yaranmaması, problemin tezliklə aradan qaldırılması üçün ilk növbədə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və bundan sonra Dağlıq Qarabağın statusu məsələsinin qoyulmasının mümkünlüyü, Ermənistanın büdcəsində hərbi xərclərə ayrılan vəsaitin Belçikada bu sahəyə ayrılan vəsaitdən qat-qat artıq olması və bunun Cənubi Qafqaz bölgəsi üçün ciddi təhlükə yaratması vurğulanmışdır.
Müzakirələrdə çıxış etmiş deputatlardan Asim Mollazadə, Səməd Seyidov, Daniyel Qule və Jozet Dürye (Fransa), Hanne Severinsen (Danimarka), Andjey Vieloviyeyski (Polşa), Devid Atkinson (İngiltərə) işğalçılıq siyasəti aparan Ermənistanın Dağlıq Qarabağla yanaşı, onun ərazisindən beş dəfə çox olan digər Azərbaycan torpaqlarını da zəbt etdiyini, Minsk qrupunun fəaliyyətinin hələlik heç bir səmərə vermədiyini, qaçqın və məcburi köçkünlərin beynəlxalq təşkilatlara inam göstərmədiyini, Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq miqyasda tanındığını, Dağlıq Qarabağa status verilməsinin Azərbaycan sərhədlərinin toxunulmazlığı şərti ilə mümkünlüyünü vurğulamış, orada yaşayan ermənilərin təhlükəsizliyinin təmin edilməsindən danışmış, məruzənin bir qədər kompromis xarakter daşıdığını qeyd etmişlər.
Erməni deputatlarından Tiqran Torosyan və Armen Rustamyan isə qara
yaxmaq xislətindən əl çəkməyərək, Azərbaycanın müharibəyə birinci başladığını iddia etmişlər. Mühafizəkar çıxışları ilə həmişə seçilən A.Rustamyan bir qədər də irəli gedərək, Azərbaycanın məruzədəki müddəaları əldə rəhbər tutmaqla yeni addımlar atacağı, hətta müharibəyə başlayacağı barədə sərsəm fikirlərini deputatlara təlqin etməyə səy göstərmişdir.
Terri Devisin baş katib seçilməsi ilə əlaqədar yeni məruzəçinin təyin
edilməsi məsələsinin müzakirəsində yığıncaq iştirakçıları ingiltərəli deputat Devid Atkinsonun namizədliyinə yekdilliklə səs vermişlər.
Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov
demişdir: Terri Devisin müzakirə üçün siyasi komitəyə təqdim etdiyi məruzənin böyük bir hissəsi Azərbaycanın mövqeyini əks etdirmişdir. Həm torpaqlarımızın işğalı, həm Ermənistanın işğal etdiyi ərazilərdə etnik təmizləmə aparması, həm də bir milyondan artıq qaçqın və məcburi köçkünün yaratdığı problem, onların ağır həyat şəraiti faktlarla geniş şərh olunmuşdur. Məruzədə bizim mövqeyimizə uyğun gəlməyən məqamlar da vardır. Amma ümumi şəkildə demək istəyirəm ki, məruzə bizim mövqeyimizi əks etdirir. Yeni məruzəçi bizim demokratik qrupun rəhbəri Devid Atkinsondur. O, məruzə üzərində işləyərək onu təkmilləşdirilmiş formada yanvar ayında keçiriləcək sessiyada deputatların müzakirəsinə verməlidir. Biz inanırıq ki, bu gün məruzədə öz əksini tapmış əsas müddəalar - Azərbaycan torpaqlarının işğalı, ölkəmizin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı və sair kimi məsələlər yanvar sessiyasına təqdim olunacaq məruzədə bir daha öz əksini tapacaqdır.