Azərbaycanın müstəqillik tarixinin ən parlaq səhifəsi
Naxçıvan, 13 iyun (AZƏRTAC, Tural Kəngərli). Yeni Azərbaycan Partiyası (YAP) Şərur rayon təşkilatında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Böyük qayıdışdan milli qurtuluşa” mövzusunda tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayevin məruzəsi dinlənilmişdir.
Bildirilmişdir ki, 1993-cü ilin iyun ayında xalqımızın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyev ölkəmizi parçalanmaq, məhv olmaq, Azərbaycanı dünya xəritəsindən silinmək təhlükəsindən xilas edərək böyük tarixi missiya yerinə yetirmiş və müstəqil dövlətimizin memarına çevrilmişdir. Ulu Öndərimiz fəaliyyətində daim ümumxalq mənafeyindən çıxış etmiş və hakimiyyətdə olduğu hər iki dövrdə bu amal uğrunda bütün gücünü səfərbər edərək əlindən gələni əsirgəməmişdir. Ona görə də 15 İyun xalqımızın tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuşdur.
Vurğulanmışdır ki, həmin gün Azərbaycan xalqının ölüm-dirim mübarizəsində məhv olmaqdan qurtuluş günüdür. Bu qurtuluşu və nicatı isə bütün çətinlik və maneələrə baxmayaraq, xalqına bəxş edən Ulu Öndərimiz, dahi azərbaycanlı Heydər Əliyevdir.
“Ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində ölkəmizdə hüquqi, demokratik dövlət quruculuğu sahəsində böyük işlər görülmüş, genişmiqyaslı islahatlar həyata keçirilmişdir. Ümummilli Liderin Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”, - deyən təşkilat sədri bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası da Milli Qurtuluşun işığında böyük və şərəfli yol keçməkdədir.
Diqqətə çatdırılmışdır ki, Ali Məclis Sədrinin rəhbərliyi ilə ardıcıl olaraq həyata keçirilən genişmiqyaslı layihələr sayəsində milli ənənələrin qorunub saxlanılması şərti ilə muxtar respublikamız əsaslı şəkildə yenidən qurulmuşdur. Bunu Şərur rayonunun timsalında da aydın görmək mümkündür. Qədimlik və müasirliyin işığında yenidən qurulmuş Şərur şəhəri bənzərsiz gözəlliyə qovuşmuşdur. Genişmiqyaslı quruculuq prosesləri rayonun kəndlərini tanınmaz dərəcədə dəyişdirmişdir. Bütün bunlar isə Ulu Öndərin əbədiyaşar ideyalarının nəticəsidir.
Tədbirdə YAP fəalları İbrahim Hənifəzadə, Eldəniz Musayev, Zərifə Əliyeva və başqaları çıxış edərək müdrik dövlət xadimi, dünya şöhrətli siyasi lider Heydər Əliyevin şərəfli ömrünün ayrı-ayrı məqamlarından danışmışlar.