İQTİSADİYYAT
Azərbaycanın nümayəndəsi “InRussia” Beynəlxalq işgüzar konfransda və sərgidə məruzə ilə çıxış edib
Bakı, 28 oktyabr, AZƏRTAC
Stavropol vilayətində “InRussia” Beynəlxalq İşgüzar Konfrans və sərgi keçirilib. Tədbirdə Azərbaycan, Türkiyə, Çin, Macarıstan və İran da daxil olmaqla, müxtəlif ölkələrdən 3 mindən çox nümayəndə iştirak edib.
AZƏRTAC Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Ticarət nümayəndəliyinə istinadla xəbər verir ki, konfrans çərçivəsində müxtəlif sahələr üçün mühəndislərin və fəhlələrin hazırlanmasına və şirkətlərin tədris müəssisələri ilə əməkdaşlığına həsr olunmuş panel trek keçib. Konfransın tərəfdaşlarından biri Şimali-Qafqaz Universiteti olub.
Azərbaycanın Ticarət nümayəndəliyinin məlumatında deyilir: “Konfrans dünya birliyinin Rusiyanın sənaye infrastrukturu ilə tanış olması, eləcə də biznesin əməkdaşlığı üçün imkanların axtarışı və sənaye sahəsində investisiya layihələrinin reallaşdırılması məqsədilə investisiyaların cəlb olunması üçün platforma rolunu oynayıb. Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Ticarət nümayəndəliyinin əməkdaşı Asiman Həşimli Azərbaycanın sənaye parklarının inkişafı barədə məruzə ilə çıxış edib”.
Qeyd edək ki, Şimali-Qafqaz Universiteti “InRussia” Beynəlxalq İşgüzar Konfransında bir neçə vacib sənəd, o cümlədən Rusiya Texnologiyalarının Transferi Milli Assosiasiyası ilə saziş imzalayıb ki, bu sənəd regionda sənaye və innovasiya sahəsinin inkişafı və təkmilləşdirilməsinə hədəflənib. “InRussia” Beynəlxalq İşgüzar Konfrans və sərgi çərçivəsində ümumilikdə 10-dan böyük saziş bağlanıb.