AZƏRBAYCANIN NÜMAYƏNDƏSİ VAŞİNQTONDA BEYNƏLXALQ KONFRANSDA MƏRUZƏ ETMİŞDİR
ABŞ-ın paytaxtında “Məsuliyyət mədəniyyəti və qeyri-hökumət təşkilatlarının rolu” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfransda vətəndaş cəmiyyəti mədəniyyətinin fundamental problemləri müzakirə olunmuşdur.
Tədbirdə dünyanın 60 ölkəsinin qeyri-hökumət təşkilatlarının liderləri iştirak etmişlər. Ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının professoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov təmsil etmişdir. Azərbaycan nümayəndəsi “Sosial, siyasi və iqtisadi inkişaf” mövzusunda məruzə etmişdir. Azərbaycanda demokratik struktur dəyişikliklərinə və Assosiasiyanın ölkədə mütərəqqi sosial-mədəni dəyişikliklər əldə olunmasına, vətəndaş cəmiyyəti mədəniyyətinin formalaşmasına və inkişafına yönəldilmiş fəaliyyətinə həsr olunmuş məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanmışdır. Fuad Məmmədov Dünya Qeyri-Hökumət Təşkilatları Assosiasiyasının rəhbərliyinə “Simurq” Assosiasiyasının çapdan buraxdığı və Təhsil Nazirliyinin ali məktəblər üçün dərs vəsaiti kimi təsdiqlədiyi “Kulturologiya” kitabını təqdim etmişdir. Kitabın bir nüsxəsi isə ABŞ Konqresinin kitabxanasına təqdim olunmuşdur.
Fuad Məmmədov konfransın gedişində tanınmış ictimai-siyasi xadimlər - Kosta-Rikanın sabiq Prezidenti, Nobel mükafatı laureatı Oskar Arias Sançesə, YUNESKO-nun keçmiş baş direktoru Federiko Mayor, Dünya Bankının qeyri-hökumət təşkilatları ilə əlaqələndiricisi Uilyam Rubin, Nyu-York Sülh Xidmətinin beynəlxalq direktoru Tom Filips ilə görüşlərində ölkəmizdə gedən demokratik dəyişikliklər barədə məlumat vermişdir.
Konfransda vətəndaş cəmiyyəti mədəniyyətinin inkişafında, o cümlədən sülh və təhlükəsizlik, təhsil, ətraf mühitin mühafizəsi, insan hüquqları, ailənin möhkəmləndirilməsi, dini əməkdaşlıq, universal dünya quruculuğu sahələrində görkəmli nailiyyətlər əldə etmiş qeyri-hökumət təşkilatlarının liderlərinə mükafatlar təqdim olunmuşdur.